Franko Barezi: “Azərbaycanda görəcəyimiz işin bəhrə verəcəyinə inanıram”
30.09.2008 - 14:27
Franko Barezi: “Azərbaycanda görəcəyimiz işin bəhrə verəcəyinə inanıram”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycana ilk dəfədir səfər edirəm. Xalqınızın qonaqvərliyi məni çox sevindirdi”. “APA-Sport”un məlumatına görə, bu sözləri İtaliya yığmasının və “Milan”ın məşhur futbolçusu Franki Barezi Bakıda keçirdiyi mətbuat konfransında deyib. “Milan Junior Camp” layihəsi çərçivəsində ölkəmizə təşrif buyuran dünya çempionu Azərbaycanda gördüyü mənzərədən razı qaldığını gizlətməyib: “Sizdə futbola dövlət qayğısı göstərildiyinin şahidi oldum. İnkişaf üçün bünövrə və lazımi şərait var. Sadəcə, düzgün yol tutmaq lazımdır”.

Barezi bildirib ki, uzun müddət formasını daşıdığı “Milan” onun həm futbolçu, həm də insan kimi formalaşmasında böyük rol oynayıb: “Həyata keçirdiyimiz “Milan Junior Camp” layihəsi də uşaqların təkcə futbolçu kimi deyil, eyni zamanda şəxsiyyət kimi formalaşmasına xidmət edir”.

Əfsanəvi futbolçu ölkəmizdə layihənin uğurlu alınacağına inamını ifadə edib. “Azərbaycanda görəcəyimiz işin bəhrə verəcəyinə inanıram” - deyə Barezi vurğulayıb. Bundan başqa, italıyalı seçim zamanı Bakıya gələ bilməyəcəyi üçün idman ictimaiyyətindən üzr istəyib: “Oktyabrın sonlarında uşaqlar arasında seçim aparılacaq. Gərək bizi üzrlü hesab eləyəsiniz, həmin ərəfədə məşğul olduğumuzdan buraya təkrar gələ bilməyəcəyik. Əvəzində, müsabiqəni “Milan”ın səviyyəli məşqçiləri aparacaqlar”.
0