Azərbaycan futbol yığması: 3 oyun, 3 qələbə
30.09.2008 - 17:37
Azərbaycan futbol yığması: 3 oyun, 3 qələbə
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda 19 yaşadək qızlardan ibarət futbol yığmaları arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 6-cı qrupunun oyunları bu gün başa çatıb. “APA-Sport”un məlumatına görə, Azərbaycan milli komandası maksimum göstərici ilə qrupda birinci yeri tutub.

Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv ilk iki turda Çexiya (2:1) və Finlandiya (1:0) yığmalarına qalib gəlmişdi. Bu gün isə yeniyetmə futbolçularımız şimali irlandiyalı həmyaşıdlarını üstələyiblər - 1:0. Digər matçda Finlandiya Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, milli komandamız 9 xalla bütün rəqiblərini qabaqlayıb. Yığmamızla yanaşı, 6 xal toplayan Finlandiya komandası da Avropa çempionatının ikinci seçmə mərhələsinə yüksəlib. Çexiya 3 xalla 3-cü olub və seçmə mərhələdə mübarizəni erkən dayandırıb. Bakıda xal üzünə həsrət qalan Şimali İrlandiya isə axırıncı pillədə qərarlaşıb.
0