Futbol azarkeşinə 65 min avro cərimə
02.10.2008 - 12:30
Futbol azarkeşinə 65 min avro cərimə
Bakı - APA-Sport. “Barselona”nın 5 və “Espanyol”un 1 azarkeşi 65 min avro cərimələnə bilərlər. “APA-Sport”un məlumatına görə, buna səbəb həmin şəxslərin Kataloniya derbisində qaydaları pozmalarıdır.

İspaniya çempionatının 5-ci turunda keçirilən “Espanyol” - “Barselona” (1:2) matçında məhz azarkeşlərin ucbatından təxminən 10 dəqiqəlik fasilə yaranıb. Məsələ burasındadır ki, yuxarı tribunada yandırılan partlayıcı maddələr aşağıya düşüb və stadionda vahimə əmələ gəlib. Hətta bir qrup fanat təhlükədən yaxa qurtarmaq üçün meydana qaçıblar. Öz növbəsində baş məşqçilər yetirmələrinin paltardəyişmə otağına yollanmasını məqsədəuyğun sayıblar.

Hadisə ilə bağlı araşdırma aparan İspaniyanın idman nazirliyi günahkarları üzə çıxarıb. Partlayıcı maddədən yararlanan 5 “Barselona”lı, eləcə 1 “Espanyol”lu azarkeşin hərəsinə 65 000 avro cərimə kəsiləcəyi gözlənilir. Bundan başqa, onlar gələcəkdə heç bir idman tədbirinə buraxılmayacaqlar. Stadionda təhlükəsizliyi təmin etmədiyindən “Espanyol” klubunun da 18 500 cərimələnəcəyi ehtimal olunur.
0