Maurinyonun zarafatı “İnter” rəhbərliyini qəzəbləndirib
02.10.2008 - 12:56
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo növbəti uğursuzluğunu yaşayıb. “APA-Sport”un məlumatına görə, portuqaliyalı mütəxəssis zarafat edərkən yanlışlığa yol verib. Belə ki, Maurinyonun İtaliyadakı qazancı haqda dedikləri klub rəsmilərini ayağa qaldırıb və onlar məşqçinin zarafat etdiyini bəyan ediblər. Portuqaliyalı “İnter”dəki illik qazancının 11 milyon avro olduğunu, sponsorlarla müqavilələr sayəsində rəqəmin hətta 14 milyona çatdığını bildirsə də, “İnter”in prezidenti Massimo Moratti Maurinyonun bunun yersiz zarafatdan başqa bir şey olmadığını iddia edir: “Əmək haqqı ilə bağlı suala cavab verən zaman Maurinyo zarafat edib. Amma bu çox uğursuz alınıb. Xüsusilə də cəmiyyətimizin maliyyə böhranı yaşadığı vaxtda bu heç yerinə düşməyən zarafat idi. Mütəxəssis klubumuzda dediyindən çox az qazanır”.
0
0