Bekster Azərbaycan yığmasından çəkinir
02.10.2008 - 13:54
Bekster Azərbaycan yığmasından çəkinir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz hökmən Azərbaycan milli komandasını məğlub etməliyik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının baş məşqçisi Stüart Bekster deyib. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Azərbaycan yığmasını qəbul edəcək skandinaviyalıların baş məşqçisi bu görüşlə bağlı fikirlərini bildirib.

55 yaşlı ingiltərəli mütəxəssis Rusiya ilə oyun öncəsi yaxşı əhval-ruhiyyə əldə etmək üçün yığmamızı məğlub etməyi zəruri sayır: “İndi bütün fikirlərimizi Azərbaycanla oyuna cəmləmişik. Rəqibimizin qrupdakı hər iki oyununa baxmışam. Açığını deyim ki, heç də asan rəqib deyil. Foqtsun yaxşı, sensasiya etməyə qadir komandası var. Əzmkar komandanın fiziki cəhətdən axsamağı diqqətimi çəkdi. Ümumiyyətlə, rəqiblə bağlı mənə qaranlıq qalan suallar var”

Azərbaycanın Uels və Lixtenşteynə qarşı fərqli oyun göstərməyinin səbəbini başa düşmədiyini vurğulayan Bekster deyib ki, ötən il Finlandiyanın Bakıda uduzmasından xəbəri var: “Bu tip rəqiblərlə səfərdə oynamaq çətin olur. Biz isə evdə oynayırıq. Bu da o deməkdir ki, qələbə qazanmalıyıq. İstənilən xal itkisi böyük uğursuzluq kimi qiymətləndiriləcək”.
0