UEFA prokurorluqdan cavab gözləyir
02.10.2008 - 13:58
UEFA prokurorluqdan cavab gözləyir
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiyanın “Zenit” və Almaniyanın “Bavariya” klubları arasında danışılmış oyunla bağlı İspaniya mətbuatındakı yazı UEFA-nın diqqətini cəlb edib. “APA-Sport”un məlumatına görə, qitə futbol qurumu artıq bununla bağlı rəsmi bəyanat yayıb: “Biz İspaniya prokurorluğunun məsələ ilə bağlı faktları nə vaxt təqdim edəcəyini gözləyirik. Hazırkı vəziyyətdə sərəncamımızda yalnız qəzet məqaləsi var. Buna görə də UEFA baş verənlərə hələ ki heç bir münasibət bildirməyəcək. Nizam-İntizam Komitəmiz belə söz-söhbətlərə həmişə reaksiya verir. Biz bu məsələni diqqətlə araşdıracağıq”.
Ötən mövsüm UEFA kubokunun yarımfinalında “Zenit”ə oyun satması ilə yazılanları təəccüblə qarşılayan “Bavariya” rəhbərliyi bundan xəbərsiz olduğunu, araşdırma ilə bağlı bütün məlumatları əldə etməyə çalışacaqlarını bildiriblər. Yaydığı bəyanatda beynəlxalq miqyasda uğurlarına şübhə ilə yanaşmağın əsassız olduğunu qeyd edən “Zenit” rəhbərliyi yazı dərc olunan İspaniya nəşrini məhkəməyə verəcək.
Qeyd edək ki, “Zenit”in “Bavariya”nı 4:0 hesabı ilə məğlub etdiyi Sankt-Peterburqdakı oyunun 50 milyon avroya razılaşdırıldığını iddia edən ispan həmkarlarımız bununla bağlı faktların, tərəflər arasında aparılan telefon danışıqlarının Almaniya prokurorluğuna təqdim olunduğunu bildirib.
0