AFFA-dan “İnter”ə sərt cəza
02.10.2008 - 15:03
AFFA-dan “İnter”ə sərt cəza
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Bakının “İnter” klubunun məşqçiləri Vəli Hüseynovla Üzeyir İbrahimovu cəzalandırıb. “APA-Sport”un məlumatına görə, buna səbəb adıçəkilən şəxslərin “Turan”la əvəzedicilərin görüşündən sonra meydançaya daxil olaraq oyunu idarə edən hakimləri təhqir etməsidir. Məsələyə baxan AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) Hüseynovla İbrahimovu 4 oyunluq cəzalandırmaqla yanaşı, 4000 manatlıq cəriməyə məruz qoyub. “İnter”in nümayəndəsi Kamran İsmayılov görüş başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq sərt şəkildə etirazını bildirib. NİK “İnter”in rəhbərliyinin diqqətinə çatdırıb ki, bu hal yenidən baş verərsə, qurum ciddi tədbirlərə əl atacaq. Ümumilikdə, 5000 manatlıq xərcə düşən “İnter” bu gün kəsilən cərimələrin yarısını hesabına yazıb.
Qeyd edək ki, NİK Premyer Liqa klublarından “Qəbələ”ni 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimələyib. Son turda iki sarı vərəqəyə görə meydandan çıxarılan Mikayıl Rəhimovla (“Bakılı”) David Bolkvadzenin (“Simurq”) cəzası eyni olub – hərəyə bir oyunluq diskvalifikasiya və 200 manatlıq cərimə.
0