Levin milli komandadan kənarlaşdırıldı
02.10.2008 - 15:09
Levin milli komandadan kənarlaşdırıldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun müdafiəçisi Vladimir Levin bu il Azərbaycan yığmasında çıxış etməyəcək. Milli komandanın məşqçisi Elxan Abdullayev “APA-Sport”a açıqlamasında 24 yaşlı ukraynalı müdafiəçinin zədə ilə bağlı ciddi probleminin olduğunu bildirib. Onun sözlərinə görə, Levinin cərrahiyyə əməliyyatına ehtiyacı var: “Məşqdə zədələnən Levinin dizindəki xaçabənzər bağlarından ciddi xəsarət alıb. Bu səbəbdən o, uzun müddət oynamayacaq. Biz Vladimiri Ukraynaya yollayacağıq. Kiyevdə cərrahiyyə əməliyyatı olunacaq Levinin müalicəsinə üç ay vaxt sərf olunacaq”.

Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun 4 günlük təlim-məşq toplanışına çağırdığı Levin Finlandiya ilə rəsmi oyunla yanaşı, bu il Bəhreyn və Latviya ilə yoldaşlıq görüşlərini də buraxmalı olacaq. İranla avqustun 25-də keçirilən sınaq matçında əsas yığmamızda debüt edən müdafiəçi Uels və Lixtenşteynlə rəsmi matçlara da çağırılmışdı. Abdullayev həmçinin bildirib ki, Finlandiya ilə görüşə heyət qarşıdakı turun oyunlarından sonra açıqlanacaq: “Foqts qarşıdakı turun oyunlarını izlədikdən sonra heyəti müəyyənləşdirəcək. Ölkədən kənarda çıxış edən futbolçularımızdan Anatoli Ponomaryovla yanaşı, Saşa Yunisoğlu və Branimir Subaşiç də başa çatan təlim-məşq toplanışında iştirak etmədi. Buna da səbəb toplanışın FİFA-nın təqvimində nəzərdə tutulmamağıdır. Ancaq rəsmi matçlara dəvət zamanı klub futbolçunu buraxmalı olacaq. Subaşiç, Yunisoğlu və Ponomaryov oktyabrın 6-da yığmanın düşərgəsinə gələcək”.

Qeyd edək ki, Yunisoğlu Polşanın “Poloniya”, Ponomaryov İsveçin “Degerfors”, Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir.


0