Belkeviç niyə və necə boşanıb?
02.10.2008 - 15:29
Belkeviç niyə və necə boşanıb?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun belaruslu yarımmüdafiəçisi Valentin Belkeviçin boşanma mərasimində ondan top istəyiblər. “APA-Sport”un məlumatına görə, 35 yaşlı futbolçunun keçmiş həyat yoldaşı Anna Sedokova Belarus mətbuatına verdiyi müsahibəsində ailə həyatlarını təsvir edib. “Viaqra” qrupunun sabiq üzvü olan xanım müğənni niyə və necə boşandıqlarının üstünü açıb: “Valentin indi də həmin qadınla yaşayır. O qadınla ki, məndən əvvəl, məndən sonra, hətta mənimlə olduğu vaxtda da birgə olublar. Bütün bunların adı qorxulu “xəyanət” sözü ilə ifadə olunur. O evə gec gəlir, gecələr başqa yerdə qalırdı. Bu səbəbdən çantalarımı yığıb qızımla birgə Belkeviçi tərk etdim. Mən və qızım olan yerdə onun başqası ilə görüşməyini qəbul edə bilmədiyimdən o “gəl boşanaq” deməyi lazım bildi. Düzü, bir ay sonra geri dönərək yenidən nigah bağlamağımızı istədi. Amma mən yenidən keçmişə qayıtmağı zəiflik sayıb razılaşmadım. Bizim boşanmağımız da qəribə oldu. Ukraynanın ən gözəl cütü ayrılırdı. Gecəni yatmayıb ağlamışdım. Hakim bizə üç sual verdi. Birincisi, 2 dolları kim köçürəcək. İkincisi, qızımız kiminlə qalacaq. Üçüncüsü isə... məndən avtoqraf, Belkeviçdən “Dinamo”nun topunu ona verib-verməyəcəyimiz ilə bağlı sual idi”.

Futbolçu ilə yollarını ayırdıqdan sonra çətin günlər yaşayan Anna Belkeviçin həyatında hələ də ən önəmli yerlərdə olduğunu düşünür. Hazırda “Buz dövrü” şousunda çıxış edən Sedokova Valentinlə dost kimi qalmağı da düzgün saymır: “Valentindən ayrıldıqdan sonra evsiz-eşiksiz qalmışdım. Ondan ev tələb etmək fikrim yox idi. Bir müddət kirayədə qaldıqdan sonra kreditlə ev məsələsini həll etdim. Hələ də pulunu ödəyib qurtarmamışam. Valentinin bizdən ayrılmağa peşman olub-olmadığını deyə bilmərəm. Yalnız özü bunun cavabını bilər. Lakin əminəm ki, qızımla mən onun həyatında ən sevimli insanlarıq. Övladımızı məndən də çox istəyir. Düşünürəm ki, o bir də evlənməyəcək. Belkeviç familiyası da məndədir. İndiki qadınını görməmişəm, heç görmək də istəmirəm. Əsas odur ki, bizi tanıyır. Və bilir ki, mən və qızım daha yüksəkdəyik. Biz ayrıldıqdan sonra dost kimi qalmadıq. Çünki belələri mənə qəribə görünür. Sadəcə, keçmiş ərim istədiyin vaxt Alinanı görə bilər”.
0