Əziz Yıldırım yenə “Fənərbaxça” prezidentliyinə namizədliyini verəcək
02.10.2008 - 17:39
Əziz Yıldırım yenə “Fənərbaxça” prezidentliyinə namizədliyini verəcək
Bakı - APA-Sport. Əziz Yıldırım “Fənərbaxça” klubunun prezidenti postuna yenidən namizədliyini irəli sürəcək. “APA-Sport”un məlumatına görə, bu, Ramazan bayramı münasibətilə “Fənərbaxça” rəhbərliyi ilə idmançılar arasında keçirilən görüş zamanı bəyan edilib.

Hərçənd, bir müddət öncə Əziz Yıldırımın prezident seçkilərinə qatılmayacağı bildirilirdi. 1998-ci ildən “Fənərbaxça”ya rəhbərlik edən 56 yaşlı funksionerin klubdan ayrılacağı barədə məlumatlar yayılmışdı. Hətta onun xələfinin Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Acibadem xəstəxanasının baş həkimi Mehmet Əli Aydınlar olacağı yazılırdı.

Ancaq bayram tədbirində “Fənərbaxça” rəsmiləri Əziz Yıldırımın 2009-cu ilin mayında keçiriləcək seçkidə iştirak edəcəyini söyləyiblər. Üstəlik, “sarı-lacivərdli” klubun rəhbərliyi, idmançıları və azarkeşləri adından qarşıdakı seçkidə ona uğurlar arzulanıb.
0