Xavi “Barselona”da yubileyini qeyd etdi
03.10.2008 - 10:57
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Barselona” klubunun rekordçusu yubileyini qeyd edib. “APA-Sport”un məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Xavi Ernandes beynəlxalq klub turnirlərində 100-cü oyununu keçirib. Ukraynada “Şaxtyor”la görüşdə yubiley matçına çıxan futbolçu “Barselona”nın da tarixinə düşüb. Xavi klubun tarixində 100 beynəlxalq oyun həddinə çatan ilk futbolçu olub. ÇL-də 84, UEFA kubokunda 13, Superkubokda 1, klublararası dünya çempionatında 2 matça çıxan Ernandes ən yaxın izləyiciləri Karles Puyol (94), Migel (85), Pep Quardiolanı (72) çoxdan arxada qoyub. Qeyd edək ki, yubilyar “Barselona”nın heyətində keçirdiyi oyunların ümumi sayında 3-cüdür. Ümumilikdə 428 dəfə komandanın heyətində meydana çıxan Xavi hələlik Migeli (548) və Karles Reksaçdan (452) geri qalır.
0
0