Pokoranın ekstremal komandası
03.10.2008 - 13:19
Pokoranın ekstremal komandası
Bakı. Mehman Süleymanov - APA-Sport. “Zaqatalalılar futbol üçün darıxıblar. Onlar uzun fasilədən sonra doğma komandalarının oyunundan zövq almaq istəyirlər. Biz də “Karvan”la görüşdə azarkeşlərimizə bu imkanı yaratmağa çalışacağıq”. Bunu “APA-Sport”a açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Premyer Liqanın qarşıdakı turunda lider “Karvan”ı qəbul edəcək “Simurq”un ukraynalı çalışdırıcısı heyətlə bağlı böyük problemlərinin olduğunu bildirib: “İlk dəfə öz meydanında liderə qarşı oynayasan, qələbə üçün bundan böyük motivasiya ola bilərmi? Komandamız təcrübəli futbolçulardan təşkil olunub və debüt matçları onlarda həyəcan yaratmır. Sadəcə, problem heyətimizdə ciddi itkilərin olması ilə bağlıdır. Əsas qol ümidimiz Vladimir Mazyar zədəli olduğu üçün “Karvan”a qarşı oynamayacaq. Gürcü müdafiəçilər Mixail Maxviladze ilə Kaxa Çxetianinin də belə problemi var, David Bolkvadze isə cəzalıdır. Ancaq bununla belə, silahı indidən yerə qoymuruq. Ciddi itkilərimiz olduğu üçün bizi “dəfn etməyə” tələsməyin”.

Ehtiyatda qalanların əsas futbolçuları layiqincə əvəzetməli olduğunu deyən Pokora “Karvan”ın liderliyinə qətiyyən şübhə etmir. Yevlax klubunu indiyədək məğlub edə bilməyən 60 yaşlı ukraynalı mütəxəssis həmkarının əməyini qeyd edir: “Yunis Hüseynov artıq təcrübəli məşqçidir, “Karvan”la həm gümüş, həm də bürünc medal qazanıb. Ancaq bu dəfə Yevlax klubunu da asan oyun gözləmir. Azərbaycanda istənilən komanda ilə başa-baş oynayıb, qalib gələ də bilərik. Ekstremal komandamız var və həmişə son həddə qədər oynayırıq. Uğursuz ənənələrə son qoymağın vaxtıdır. Ancaq Zaqatalada ilk oyunda qalib gəlməsək, bundan faciə yaratmaq lazım deyil”.
0