Qyoko Hacievski: “Biz “Olimpik”dən güclüyük”
03.10.2008 - 15:13
Qyoko Hacievski: “Biz “Olimpik”dən güclüyük”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Biz “Olimpik”i yaxşı tanıyırıq. Bu komandayla oyun hamı üçün çətin olur”. Bunu “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.

Azərbaycanda ilk məğlubiyyətini (0:3) “Olimpik”dən alan 53 yaşlı makedoniyalı mütəxəssis Premyer Liqanın qarşıdakı turunda prinsipial rəqiblə görüşəcəklərini bildirib: “Həmkarım Əsgər Abdullayev “Bakı”ya ölkə kubokunu qazandırıb. Komandanın ab-havasına, futbolçuların potensialına yaxşı bələddir. Hər halda, onun hazırkı komandası da mənə yad deyil. “Olimpik” mövsümlərarası fasilədə heyətini gücləndirib, yeni futbolçular dəvət edib. Bunlar arasında rəhbərliyim altında çıxış edən Leandro Qomeş də var. Braziliyalı hücumçu bizim üçün təhlükəli ola bilər”.

“Olimpik”lə hər iki görüşdə uduzan Hacievskinin komandası rəqib qapısına yol tapa da bilməyib. Hacievski bu dəfə vəziyyətin fərqli olacağını düşünür: “Bilirsiniz, “Olimpik”in böyük qüvvə ilə müdafiə olunması təkcə bizim yox, bütün komandaların işini çətinləşdirir. Rəqibimizin ötən mövsümlə müqayisədə uğursuz çıxış etməsinin səbəbini deyə bilmərəm. Onu bilirəm ki, biz “Olimpik”dən güclüyük və prinsipial görüşdə mütləq qələbə qazanmalıyıq. Yetirmələrimə güvənirəm və onlar heyətdəki itkiləri unutdurmalıdırlar. Üç əsas müdafiəçimiz – Rafael Əmirbəyov, Cəmşid Məhərrəmov və Aleksandr Tamaşı Aleksey Savinov, Stanislav Baçev, Səbuhi Həsənovun layiqincə əvəzləyəcəyinə inanıram”.
0