Premyer Liqada ikinci istefa
06.10.2008 - 10:26
Premyer Liqada ikinci istefa
Bakı. Mehman Süleymanov - APA-Sport. Tovuzun “Turan” futbol klubunun baş məşqçisi Mustafa Yılmaz istefa verib. Etibarlı mənbədən “APA-Sport”a verilən məlumata görə, 54 yaşlı türkiyəli çalışdırıcı komandadakı mövcud durumda işləməyin qeyri-mümkün olduğunu əsas gətirərək, vəzifəsindən ayrılıb.

Hətta Yılmaz qərarını Tovuz rayon icra hakimi Tofiq Zeynalova da çatdırıb. Əcnəbi məşqçinin “Turan”ın sükanı arxasına gəlməsində rolu olan, onu dəstəkləyən Zeynalov Yılmazın gedişinə maneçilik törətməyib. Belə olan halda, tərəflər qarşılıqlı razılıqla yollarını ayırıblar. Artıq türkiyəli Azərbaycanı tərk edib.

“Turan”ın rəisi İman Həsənov “APA-Sport”a açıqlamasında Mustafa Yılmazın ölkəmizi tərk etdiyini təsdiqləyib: “Baş məşqçi ilə telefon söhbətim oldu. O, mənə fəaliyyətini başa vurduğunu və vətəninə yollandığını dedi”.

Beləliklə, cari mövsümdə ikinci istefa gerçəkləşib. Öncə “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko tutduğu vəzifədən azad olunmuşdu. Ağasəlim Mircavadovla (“Xəzər-Lənkəran”) Rasim Karanın (“Qarabağ”) istefaları isə hələ Premyer Liqa start götürməmiş reallaşmışdı.

Qeyd edək ki, son vaxtlar Mustafa Yılmazın adı bəzi futbolçulardan rüşvət almaqda hallanırdı. Yayılan xəbərlərə əsasən, “Turan”ın hazırkı baş məşqçisi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət olunmuş və haqqında cinayət işi açılmışdı. Futbolçudan rüşvət almağı çirkin iş sayaraq, haqqında deyilənləri qətiyyətlə təkzib edən Yılmaz isə Tovuzda narahat olduğunu, təzyiqlərlə üzləşdiyini gizlətmirdi. Bununla belə, rayon icra başçısına “Turan”da vəziyyəti yaxşılaşdıracağına söz verən türkiyəli mütəxəssis vədinə xilaf çıxaraq, komandanı yarı yolda qoydu. Əslində, klubun maliyyə problemləri üzündən əcnəbi baş məşqçisinə görə AFFA-ya rüsumu ödəmədiyini, onu qeydiyyatdan keçirmədiyini nəzərə alsaq, Yılmaz “Turan”ın qeyri-rəsmi baş məşqçisi idi. Təsadüfi deyil ki, o, komandanı Premyer Liqanın 7 turu ərzində heç bir oyuna çıxarmayıb və matçları tribunadan izləyib.


0