Elnur Allahverdiyev “Neftçi”dən gedir
06.10.2008 - 16:34
Elnur Allahverdiyev “Neftçi”dən gedir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Finlandiya yığması ilə matça çağırılmamağım mənim üçün gözlənilməz olmadı. Son vaxtlar oynamıram, milli komandanın qarşıdakı rəsmi görüşünə isə klubunda daim heyətdə yer alanlar dəvət olunurlar. Mən yığma məşqçilərinin bu seçimini düzgün sayıram”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.

Almaniyalı mütəxəssis Hans-Yurgen Gedenin komandanı çalışdırdığı dövrdə yalnız “Turan”la səfər matçında son 21 dəqiqədə meydanda olan 25 yaşlı müdafiəçi baş məşqçinin seçimi ilə razılaşmır. Rəşad Sadiqovla birgə ikinci komandaya göndərilən Elnur “Neftçi”dəki hazırkı durumundan narazılığını gizlətmir: “Əsas heyətdən kənarda qalmağımı başa düşmürəm. “Neftçi”də start heyətində yer alan futbolçu olmuşam və öz oyunumla buna layiqəm. Özümü nəinki təkcə milli komandaya çağırılan Emin Cəfərquliyevdən, hətta ölkə daxilindəki bütün sol cinah müdafiəçiləri arasında ən güclü sayıram. Belə olan halda, niyə oynamamalıyam ki? Mənə qarşı edilən haqsızlığa niyə dözməliyəm? Gede Foqtsun yığmada köməkçisi olub. Təbii ki, Foqts həmyerlisinin ehtiyatda saxladığı futbolçunu yığmaya çağırmaz”.

Allahverdiyev son üç ildə şərəfini qoruduğu “Neftçi”dən getmək fikrindədir. Müdafiəçi artıq qış fasiləsində bunu reallaşdırmağı düşünür: “Neftçi” ilə yayadək müqaviləm olsa da, belə gedişlə komandanı tərk edəcəyəm. Hələlik ona görə dözüb qalıram ki, “transfer pəncərəsi” bağlıdır. Klub rəhbərliyinin mənə qarşı münasibəti yaxşıdır və onlar məni buraxmaq istəmirlər. Ancaq qışda “transfer pəncərəsi” açılan kimi klubumu dəyişib, güclü futbolçu olduğumu sübut edəcəyəm. Gede ilə keçmiş baş məşqçimiz Anatoli Demyanenko arasında çox böyük fərq var. Ukraynalını almaniyalıdan üstün mütəxəssis sayıram. Gededən fərqli, Demyanenko idmançıya düzgün qiymət verirdi”.

Qeyd edək ki, Allahverdiyev Demyanenkonun “Neftçi”də əsas heyətdə güvəndiyi futbolçulardan biri olub.
0