Polşa FİFA-nın və UEFA-nın cəzasından yaxa qurtardı
06.10.2008 - 17:43
Polşa FİFA-nın və UEFA-nın cəzasından yaxa qurtardı
Bakı. Mehman Süleymanov - APA-Sport. Polşa Futbol Assosiasiyası (PZPN) FİFA və UEFA-nın mümkün cəzasından yaxa qurtara bilib. “APA-Sport”un məlumatına görə, bu ölkənin hökuməti beynəlxalq futbol qurumlarının qoyduğu möhlətin son günündə geri çəkilib.

Dövlətin PZPN işinə müdaxiləsi nəticəsində assosiasiyanın prezidenti Mixail Listkeviçin vəzifəsindən kənarlaşdırılması beynəlxalq miqyasda böyük narazılığa səbəb olmuşdu. FİFA-nın ultimatumuna əsasən, Polşa İdman Arbitraj Məhkəməsi tərəfindən futbol federasiyasından uzaqlaşdırılan rəhbər şəxslər bu gün Bakı vaxtı ilə saat 15:00-dək vəzifələrinə bərpa olunmalı idilər. Əks təqdirdə, Ukrayna ilə birgə 2012-ci il Avropa çempionatının final mərhələsini keçirməyi planlaşdıran Polşadan bu hüquq alınacaq, milli komandaya isə oktyabrın 11-də və 15-də müvafiq olaraq, Çexiya və Slovakiya ilə rəsmi oyunlarda texniki məğlubiyyət veriləcəkdi.

Listkeviç bəyan edib ki, danışıqlar nəticəsində ona və ölkənin idman nazirliyinə uyğun variant tapmaq mümkün olub: “Bu, yaranmış vəziyyətdən şərəflə çıxmağa imkan verən çox yaxşı bir təklifdir. Federasiyamızın fəaliyyətini tənzimləyən qanunvericilikdə köklü dəyişikləri nəzərdə tutub”. Növbəti bir ay ərzində FİFA və UEFA-nın müşahidəçilərinin iştirakı ilə PZPN-də növbədənkənar seçkilər olacaq.
0