Miçoviç rekordun 15 dəqiqəliyində
06.10.2008 - 17:54
Miçoviç rekordun 15 dəqiqəliyində
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasında uğursuz start götürən Bakının “Neftçi” klubu mövsümün ən az qol buraxan komandasıdır. “APA-Sport”un məlumatına görə, 7 oyunda qapısında cəmi 2 qol görən “flaqman” hər iki topu ilk turlarda buraxıb. Son 5 qarşılaşmada qapısını toxunulmaz saxlayan Vladimir Miçoviç isə 2008/09 mövsümünün rekordunu müəyyənləşdirib. Çempionatın startındakı 4 görüşdə qol buraxmayan “Bakı”nın qapıçısı Marko Şarliyanın nəticəsini yaxşılaşdıran Miçoviç indi digər rekordu hədəfləyib.

İkinci turda “Bakı”ya uduzan “Neftçi”nin serbiyalı qapıçısı həmin matçın 48-ci dəqiqəsində Fernando Peresin qoluna üzülmüşdü. Buraxılan topdan sonra 492 dəqiqədir qol buraxmayan 33 yaşlı əlcək sahibi “Neftçi”dəki şəxsi rekorduna da yaxınlaşıb. Ölkəmizdə 4-cü mövsümünü keçirən Vladimirin bu müddətdə ən yaxşı göstəricisi iki il yarım əvvəl qeydə alınıb. O, 2005/06 mövsümündə 507 dəqiqə flaqmanın qapısını toxunulmaz saxlayıb. Həmin rekordun 15 dəqiqəliyində olan serbiyalı ötən mövsüm rekorda yaxınlaşsa da, 491-də dayanmışdı.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını oktyabrın 19-da səfərdə “Xəzər-Lənkəran”a qarşı keçirəcək.
0