FİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq
06.10.2008 - 18:15
FİFA hakimi Fariz Yusifov sabah cəzalandırılacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Premyer Liqanın son turu çərçivəsində keçirilən “Bakı” - “Olimpik” matçında meydan sahiblərinin vurduğu ikinci qolun düzgün olub-olmadığını yan xətt hakimindən başqa heç kim dəqiq müəyyənləşdirə bilməz. Çünki bizdə həmin epizodu yaxından göstərən kamera yoxdur. Bu oyunda hakimliklə bağlı problemlər başqa idi”. Bunu “APA-Sport”a açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Onun sözlərinə görə, oyunu idarə edən FİFA hakimi Fariz Yusifovun hər iki komandanın qapısına təyin etdiyi penalti zərbəsi düzgün olub: “Problem “Olimpik”in qapısına təyin edilən penalti epizodunda Nizami Hacıyevə əllə oynadığı üçün göstərilən sarı vərəqə ilə bağlıdır. Bu, Hacıyevin görüşdə ikinci sarı vərəqəsi olduğundan, futbolçu avtomatik meydandan çıxarıldı. Hərçənd, həmin epizodda Yusifov futbolçuya vərəqə göstərməməli idi. Bundan başqa, “Bakı”nın vurduğu üçüncü qolda da hakimin səhvi var idi. Çünki Fabio Luis Ramim qol epizodunda əllə oynamışdı”.

Oyunun hakim-inspektoru Novil İsmayılov Yusifov və onun köməkçilərinin idarəçiliyini 8 balla dəyərləndirib ki, bu da yaxşı qiymət hesab olunur. Məmmədov vurğulayıb ki, hakim-inspektorun da məsələsinə baxılacaq və hakimlərə yüksək qiymət verdiyi üçün onu da cəza gözləyir: “Sabah Hakimlər Komitəsinin iclası keçiriləcək və Yusifovun idarəçiliyi müzakirə olunacaq. Farizin köməkçilərinin idarəçiliyində ciddi səhvlər olmadığından, onlar cəzalandırılmayacaqlar. Baş hakimlə bağlı isə Nizam-İntizam Məcəlləsinin müfaviq maddəsinə uyğun qərar çıxarılacaq”.

Qeyd edək ki, “Bakı” Premyer Liqanın hesabat turunda “Olimpik”ə 3:1 hesabı ilə qalib gəlib.
0