Ərtoğrul Sağlam istefa verdi
07.10.2008 - 14:22
Ərtoğrul Sağlam istefa verdi

Bakı - APA-Sport. “Beşiktaş” klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib. “APA-Sport”un məlumatına görə, 39 yaşlı çalışdırıcı istefa ərizəsini artıq rəhbərliyə təqdim edib. Bu gün mətbuat konfransı keçirən Sağlam istefasının əsl səbəbini açıqlayıb.

O, vəzifəsinin icrasını davam etdirdiyi bir vaxtda, “Beşiktaş” rəhbərliyinin baş məşqçi axtarışına çıxmasından qəzəblənib: “Mən baş məşqçi ola-ola, yerimə kiminsə axtarılmasına yol verə bilmərəm. Üzümə deyirlər ki, başqa məşqçi ilə danışıqlar aparmırıq. Amma hər şeydən xəbərdaram. Biz məyus olduğumuz halda, məğlubiyyətlərimizə sevinən “Beşiktaş”lılar gördüm”.

Sağlam “Beşiktaş”ın cari mövsümdə qızıl medallar qazanmaq gücündə olduğunu söyləyib: “Hazırda “Qalatasaray”dan 3, “Fənərbaxça”dan isə 8 xal öndə komanda 3-cü pillədə qərarlaşıb. Yekunda çempion titulunu qazana bilərdik. “Beşiktaş”la iki il yarımlıq planlarımız var idi. Bu komandaya rəhbərlik etdiyim dövrdə “Liverpul” və “Marsel” kimi güclü komandaları məğlub etdik. Ən çox “Metallist”ə uduzub, UEFA kubokunda mübarizəni erkən dayandırmağımıza məyusam”.

Gənc məşqçi “Fənərbaxça”dakı həmkarı Luis Araqonesin də “bostanına daş atıb”. Sağlam dolayısı ilə vurğulayıb ki, çətin duruma düşən ispaniyalının istefa verməyə cəsarəti çatmır: “Mən “Beşiktaş”da Ərtoğrul Sağlam oldum. Başqaları kimi, təzminat almaq üçün qovulmağımı gözləyə bilməzdim. İçimdə fırtına qopsa da, “Beşiktaş”a görə susmaq məcburiyyətindəyəm. Mən bu kluba adam kimi gəlib, adam kimi də gedirəm”.

Sağlamla yanaşı, İstanbul klubunun meneceri Sinan Engin də komandadan ayrılmaq qərarına gəlib. Ancaq rəsmilərin baş məşqçi və menecerin istefalarını qəbul edib-etməyəcəkləri hələlik məlum deyil.

Qeyd edək ki, ötən ilin yayından “Beşiktaş”ı çalışdıran Sağlamın postuna real namizədlər arasında Mirça Luçesku, Stanislav Çerçesov, Mustafa Dənizli və başqaları göstərilir.
0