Araz Abdullayev start heyətdə oynamağa hazırdır
07.10.2008 - 17:08
Araz Abdullayev start heyətdə oynamağa hazırdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Milli komandaya çağırıldığım üçün çox sevinirəm. 17 və 19 yaşlılardan ibarət yığmalarımızda çıxış etdiyimdən U-21-ə dəvət alacağımı gözləyirdim. Birdən-birə əsas yığmaya cəlb olunmağım mənim üçün qürurvericidir”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının debütantı Araz Abdullayev deyib.

“Neftçi”nin şərəfini qoruyan 17 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında ilk oyununda fərqlənməyi bacarıb. Cərimə zərbəsindən MOİK-ə baxımlı qol vuran Araz yığmada da belə imkanlardan istifadə etməyə çalışacağını vurğulayıb: “Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirməyimə imkan yaratdı və mən də bundan maksimum yararlandım. Məşqlər zamanı sərbəst zərbələr üzərində işləyirəm. Yığmada da belə imkan əlimə düşərsə, bundan istifadə etməyə çalışacağam. Sol ayaqla oynamaq mənə daha rahatdır. Yarımmüdafiənin həm solunda, həm də mərkəzində çıxış edə bilirəm”.

Madridin “Real” klubunda bir aylıq təlim-məşq toplanışında iştirak edəcək 4 həmyerlimizdən biri olan Araz ona göstərilən etimadı yüksək qiymətləndirir. O, ötən ay səfərdə “kral klubu” ilə keçirilən yoldaşlıq görüşündə komandamızın qələbəsinə bir qolla töhfə verib (3:2). Abdullayev bu səviyyəyə çatmasını işgüzarlığının bəhrəsi hesab edir.

Son vaxtlar almaniyalı məşqçilərin rəhbərliyi altında oynayan yeniyetmə futbolçu Lippertin çalışdırdığı U-17 ilə Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb: “Neftçi”nin baş məşqçisi Hans-Yurgen Gede Premyer Liqanın axırıncı turunda debütümə şərait yaratdı. İndi də Berti Foqts mənə şans verir. Debüt matçında istər-istəməz həyəcan olur. Ancaq topa toxunandan sonra bu həyəcan aradan qalxır. Yığmada Mahmud Qurbanov, Rəşad Sadıqov kimi təcrübə futbolçular mənə qarşı münasibətdə sadəlik nümayiş etdirir, öz tövsiyələrini verirlər. Bütün bunlar məni daha da həvəsləndirir. Finlandiya ilə əsas heyətdə meydana çıxmağa özümü hazır sayıram”.
0