İtaliya - Azərbaycan matçında qalmaqal
08.10.2008 - 10:09
İtaliya - Azərbaycan matçında qalmaqal
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Kalmasino şəhərində 17 yaşadək qızlardan ibarət futbol yığmaları arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci qrupunun oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, yarışda meydan sahibləri, Fransa və İslandiya ilə yanaşı, Azərbaycan milli komandası da mübarizə aparır.

Şamil Heydərovun yetirmələri ilk turda italiyalılarla qüvvələrini sınayıblar. Oyuna fəal başlayan rəqib komanda 8-ci dəqiqədə hesabı açıb. Yığmamız buraxılan qolun əvəzini çıxmağa çalışsa da, fasiləyədək hesab dəyişməyib. İkinci hissənin əvvəli isə qalmaqalla yadda qalıb. Belə ki, matçın 55-ci dəqiqəsində futbolçular arasında gərgin anlar yaşanıb. Nəticədə görüşün xorvatiyalı baş hakimi Suzsanna Sittar hər komandanın bir üzvünü meydandan qovub.

Bundan bir neçə dəqiqə sonra italiyalılar növbəti dəfə fərqləniblər. 78-ci dəqiqədə isə milli komandamız öz qapısında 3-cü qolu görüb. Həmyerlilərimiz yalnız 80-ci dəqiqədə təsəlli qolu vuraraq, böyük hesablı məğlubiyyətdən yaxa qurtarıblar - 1:3. Qrupun digər matçında Fransa İslandiyanı 1:0 hesabı ilə üstələyib.

Təqvimə əsasən, yığmamız növbəti turlarda Fransa (9 oktyabr) və İslandiyanı (12 oktyabr) sınağa çəkəcək. Yalnız qrup qalibləri və ən yaxşı nəticələrlə ikinci yeri tutan 6 kollektiv ikinci mərhələyə adlayacaq.
0