Tiqana Sağlamın müdafiəsinə qalxdı
08.10.2008 - 10:09
Tiqana Sağlamın müdafiəsinə qalxdı
Bakı - APA-Sport. “Beşiktaş”ın sabiq baş məşqçisi Jan Tiqana komandada baş verən son hadisələri dəyərləndirib. “APA-Sport”un məlumatına görə, fransalı mütəxəssis Ərtoğrul Sağlamın istefaya göndərilməsini səhv addım kimi qiymətləndirib.

“Ərtoğrulun ayrılmasına çox üzüldüm. O, həqiqətən ən yaxşı gənc mütəxəssislərdəndir. Son dərəcə düzgün və mədəni insandır. Superliqada məğlubiyyəti olmayan və çempionluğa ən real namizəd sayılan komandanın baş məşqçisinin istefaya məcbur edilməsi axmaqlıqdır”.

Tiqana bütün problemlərin kökünü klub rəhbərliyində axtarmağı tövsiyə edib: “Komandanın bir nömrəli problemi Sinan Engindir. O, menecer olduğu zamanda “Beşiktaş”ın heç bir məşqçisi uğur qazana bilməyəcək. Engin bir xərçəngdir. Kəsilib atılmayınca, komandada problemlər həllini tapmayacaq. Digər əngəl isə rəhbərliyin sifarişi ilə işləyən və aranı qarışdıran iki jurnalistdir”.

Qeyd edək ki, Tiqana “Beşiktaş”da işlədiyi dönəmdə iki Türkiyə kuboku və bir Superkubok qazanıb.
0