Milli komanda Helsinkiyə getdi
08.10.2008 - 10:44
Milli komanda Helsinkiyə getdi
Bakı. Mehman Süleymanov - APA-Sport. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar milli komandamız bu gün səhər saatlarında Finlandiyaya yollanıb. “APA-Sport”un məlumatına görə, Helsinkiyə çarter reysilə yola düşən Azərbaycan nümayəndə heyəti üçün 55 nəfərlik tutuma malik təyyarə sifariş edilib.

Bunlardan 21 nəfəri finlandiyalılarla rəsmi matça çağırılan futbolçulardır. Təyyarədə yer məhdud olduğundan Helsinkiyə jurnalist və azarkeş aparılmayıb. Milli komanda Helsinkiyə Bakı vaxtı ilə günorta saatlarında çatacaq. Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts yerli iqlimə uyğunlaşmaq üçün səfərə daha tez çıxmağı məqsədəuyğun sayıb. Komandamızın Finlandiyada oyuna yaxşı hazırlaşmaq üçün üç gün vaxtı olacaq. Günün ikinci yarısında Helsinkidə ilk məşqinə çıxacaq millimizin sabah və ertəsi gün iki hazırlıq prosesi keçəcəyi gözlənilir.

Foqts Azərbaycan Premyer Liqasında axırıncı turun oyunlarından sonra Bakıda cəmi iki gün hazırlıq keçdi ki, bu da ümumilikdə üç məşq prosesindən ibarət olub. 21 futbolçudan üçü ölkədən kənarda çıxış edənlər - Saşa Yunisoğlu (“Poloniya”, Polşa), Anatoli Ponomaryov (“Degerfors”, İsveç) və Branimir Subaşiçdir (“Srvena Zvezda”). Subaşiç digər iki oyunçudan fərqli, hazırlığa daha gec qatılıb.

Helsinkiyə tam heyətlə yollanan milli komandamız oktyabrın 11-də Bakı vaxtı ilə saat 19:00-da “Olimpiya” stadionunda Finlandiya ilə rəsmi matça çıxacaq. Oyundan dərhal sonra nümayəndə heyətini Vətənə gətirəcək təyyarə Bakıda yanacaq dolduraraq Bəhreynə uçacaq. Buna səbəb yığmamızın oktyabrın 15-də Manamada meydan sahibləri ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşüdür.
0