Petri Pasanen: “Azərbaycanla oyunda yalnız neçə qol vuracağımızı deyə bilmərəm”
10.10.2008 - 10:15
Petri Pasanen: “Azərbaycanla oyunda yalnız neçə qol vuracağımızı deyə bilmərəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanla qarşılaşma Almaniya ilə matçdan fərqlənir”. APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının müdafiəçisi Petri Pasanen deyib.

Sabah Helsinkidə Azərbaycan yığması ilə görüşəcək skandinaviyalıların 28 yaşlı futbolçusu dünya çempionatının seçmə mərhələsində ilk qələbələrini qazanacaqlarına əmindir. İndiyədək yığmada 46 oyuna 1 qol vuran mərkəz müdafiəçisi futbolçularımızın onu çox narahat etməyəcəklərini düşünür: “Azərbaycanla oyunda da əsas heyətdə yer alacağıma sübhə etmirəm. Müdafiədə bir az passiv olacağıq ki, bu da rəqibin arxaya çəkilməsi ilə bağlıdır. Belə olan halda, boşluq yaranan orta sahədə daha böyük qüvvəmizi səfərbər edəcəyik. Almaniya ilə oyundan fərqli, Azərbaycanla görüşdə bizim sürətli əks-hücum qurmaq şansımız olmayacaq. Əminəm ki, qələbə qazanacağıq. Sadəcə, vuracağımız qolların sayını əvvəldən deyə bilmərəm”.

Qeyd edək ki, Pasanen finlərin millimizə qarşı keçirdiyi son 4 görüşün iştirakçısıdır.
0