Karles Bakes: Təəssüf ki, Azərbaycandakı fəaliyyətim çox çəkmədi
23.01.2015 - 09:53
Karles Bakes: Təəssüf ki, Azərbaycandakı fəaliyyətim çox çəkmədi

“Qazaxıstana 6-cı dəfədi ki, gəlirəm. Bu ölkə dünyada qısa zamanda sürətlə inkişaf edib. Qazaxıstan futbolunda böyük pulların olduğunu və bunun hesabına yaxşı layihələr keçirə biləcəyimizi anlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Karles Martorell Bakes deyib.

 

Qazaxıstanın 17 yaşadək yığma komandasına baş məşqçi təyin olunan ispan çalışdırıcı təqdimolunma mərasimində məşqçilik karyerasına nəzər salıb. O, söhbət əsnasında Azərbaycanı da yada salıb: “Məşqçilik karyerama 18 yaşımda başlamışam. Qısa müddət çalışdıqdan sonra Kataloniyanın U-12 yığmasının baş məşqçisi təyin olundum. Ardınca “Barselona” rəhbərliyi mənə müxtəlif yerlərdən 6 yaşdan 18 yaşa qədər olan istedadlı futbolçuları tapıb, komandaya cəlb etmək missiyasını tapşırdı. Bundan sonra Azərbaycanın “Qəbələ” klubu üçün seminar keçmək təklifi aldım. Beləcə Azərbaycana yolum açıldı. Həmin dönəmdə yüksək liqa komandası “Xəzər Lənkəran”ın baş məşqçisi olmaq təklifi gəldi. Təbii ki, razılaşdım. Təəssüf ki, Azərbaycandakı fəaliyyətim çox çəkmədi. Son 2 ildə isə Afrikada skautluqla məşğul idim”.

 

Qeyd edək ki, Bakes “Xəzər Lənkəran”ı 2012-ci ilin noyabrından 2013-cü ilin fevralına qədər çalışdırıb.

0