Azərbaycanlı legioner futbolçular barədə ötən həftəki yazının davamı…
Saşa Yunisoğlu: “Diskoboliya” (Polşa) – 2007-08, “Poloniya Varşava” (Polşa) – 2008, “Dənizlispor” (Türkiyə) – 2013-14
Peşəkar futbol karyerasına 2000-ci ildə “Şərur”da başlayan müdafiəçi, xaricə 2007-ci ildə Polşanın “Diskoboliya” klubu ilə addım atıb.
Cəmi iki il Polşada qalan oyunçu, daha sonra “Bakı” ilə ölkəyə qayıdıb. Son olaraq Türkiyənin “Dənizlispor” komandasında 1 mövsüm çıxış edən müdafiəçi yenidən Azərbaycana geri dönüb. Oyunçunun “Dənizlispor”dan ayrılmasına səbəb, mövsüm ərzində keçirdiyi zədələr olub.
Emil Mustafayev: “Oleksandriya” (Ukraniya) – 2019-23, “Polesiye” (Ukraniya) – 2023- davam edir
Emil Kirovoqrad vilayətində idman məktəbinin yetirməsi olmuşdur.
1 mövsüm futzalla da məşğul olan oyunçu ilk peşəkar imzasını Ukraynanın "Oleksandriya" klubunda atıb. 2023-cü ildən Ukraynanın digər klubu “Polesiye”də çıxış edir. Futbolçunun ildən-ilə üzərində çalışması onun gələcəkdə daha yaxşı klublarda çıxış edəcəyinə zəmanət verir.
Coşqun Diniyev: “Ümraniyespor” (Türkiyə) – 2023-24, “Bandırmaspor” (Türkiyə) – 2024-davam edir
“İnter” yetirməsi olan Coşqun Azərbaycanın bir çox klubunda çıxış edib. 2023-cü ildə “Ümraniyespor” klubuna transfer olub. Hazırda futbolçu, karyerasını “Bandırmaspor”da davam etdirir.
Onu da bildirək ki, oyunçu maaşını ala bilmədiyi üçün “Ümraniyespor” komandasından ayrılıb.
Mahir Şükürov: “Antalyaspor” (Türkiyə) – 2004, “Anji” (Rusiya) - 2010-11, “Karşıyaka” (Türkiyə) – 2014-15
“Gənclərbirliyi” klubunda futbola başlayan millimizin sabiq üzvü Azərbaycanda bir neçə klubda çıxış edib. 2010-cu ildə 1 mövsüm oynadığı “Anji” komandasına imza atıb. İlk dəfə bir komanda tərəfindən pulla transfer olunan oyunçu burada gözləntiləri doğrultmayıb. 2014-cü ildə Türkiyənin “Karşıyaka” klubuna transfer olunub. Türkiyə təmsilçisindən ayrılmasına səbəb milli fasilədən gec qayıtması və bu məsələyə qeyri-peşəkar yanaşması olub.
Ozan Can Kökçü: “Qroningen” ( Niderland) – 2011-16, “Feyenoord” ( Niderland) – 2016-17, “Bursaspor” (Türkiyə) – 2017-19, “Telstar” (Niderland) – 2019-22, “Eyndhoven” (Niderland) - 2022-24, HİK (Finlandiya) – 2024-davam edir
Əslən türk olan Ozan futbola doğulduğu Niderlandda başlayıb. Qardaşı Orkun Kökçünün əvəzinə milli komanda seçimini Azərbaycandan yana istifadə edən oyunçu bir çox Avropa klubunda şansını sınayıb. Hazırda, Finladiyanın “Helsinki” klubunda çıxış edir.
Rauf Əliyev: “Kukesi” (Albaniya) – 2017-18
“Qarabağ”ın yetirməsi olan Rauf 2006-cı ildə futbola başlayıb. Karyerası ərzində ölkəmizin bir neçə klubunda çıxış edən hücumçunun legioner həyatı Albaniyanın “Kukesi” klubu ilə yaşayıb. Lakin onun bu komandanın tərkibində iştirak etməsi cəmi 6 ay çəkib. Buna səbəb bir vaxtlar millimizin şərəfini qoruyan oyunçunun dili bilməməsidir. Çıxış etdiyi komandada ən çox maaş alan oyunçu sırf dil öyrənmək istəmədiyinə görə, klubla qarşılıqla şəkildə razılaşaraq müqaviləsinə xitam verib.
Eddi İsrafilov: “Real Mursiya” (İspaniya) – 2012-16, “Qranada” (İspaniya) – 2014-15, “Eybar” (İspaniya) – 2015-16, “Kadiz” (İspaniya) – 2016-17, “Alkorkon” (İspaniya) – 2018-20, “Albasete” 2020-21, “Johor” (Malaziya) – 2024-davam edir
Əslən Afrika kökənli olan millimizin üzvü futbolçu karyerasına İspaniyada başlayıb. İspaniyanın “Qranada”, “Real Mursiya”, “Eybar” kimi komandalarında çıxış edən futbolçu, ölkəmizdə yalnız “Neftçi”nin şərəfini qoruyub. 32 yaşlı yarımmüdafiəçi hazırda karyerasını Malaziyada davam etdirir. Özünü göstərdiyi tək klub olan “Albasete”dən ayrılmasına səbəb komandanın aşağı diviziona düşməsi olub. Bu zaman rəhbərlik Eddi başda olmaqla heyətində olan 18 futbolçu ilə yollarını ayırıb.
İbrahim Qədirzadə: “Samtrediya” (Gürcüstan) - 2021
Müdafiəçi qismində çıxış edən İbrahim futbola “Xəzər Lənkəran” komandasında başlayıb.
2021-ci ilə qədər rəsmi matçlara çıxmayan oyunçu, ilk peşəkar müqaviləsini Gürcüstanın “Samtrediya” klubu ilə imzalayıb. Digər futbolçularımız kimi bəxti üzünə gülməyən İbrahim cəmi 1 il sonra vətənə qayıdaraq şansını ölkədaxilindəki klublarda sınamağa başlayıb.
Mahir Emreli: “Legiya” (Polşa) – 2021-22, “Dinamo” (Xorvatiya) – 2022-24, “Konyaspor” (Türkiyə) – 2023, “Nürnberq” (Almaniya) – 2024-davam edir
Futbol həyatına “Bakı”da başlayan hücumçu 2014-cü ildə Qurban Qurbanovun diqqətini öz üzərinə çəkib. Mövsümün sonunda “Qarabağ”a transfer olan forvard burada 6 il keçirdikdən sonra Polşanın tanınmış klubu “Legiya”ya imza atıb. “Legiya”da istənilən nəticəni verə bilməyən Mahir cəmi bir il sonra Xorvatiyanın “Dinamo Zaqreb” klubuna keçib. 2023-cü ildə icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edən millimizin üzvü, hazırda Almaniyanın 2-ci Liqa təmsilçisi “Nürnberq”in şərəfini qoruyur. Əslində “Legiya” ilə avropa arenasında yaxşı çıxış edən Mahirdə problem klubun azarkeşləri olub.
O, şiddətlə üz-üzə qaldıqdan sonra tez bir zamanda Xorvatiya təmsilçisi “Dinamo”ya transfer olub. Paytaxt təmsilçisinin baş məşqçiləri ilə yola getməyən forvard son olaraq hamımızın yaxından tanıdığı Miroslav Klozenin başçılıq etdiyi “Nürnberq”ə keçib. Hazırda işləri pis getməyən Mahirin bundan daha yaxşı uğurlara imza atacağına inanırıq.
Renat Dadaşov: “Ayntraxt” (Almaniya) – 2013-14, 2017-18, “Leypziq” (Almaniya) – 2014-16, “Eştoril” (Portuqaliya) – 2018-19, “Vulverhempton” (İngiltərə) – 2019-22, “Tondela” (Portuqaliya) – 2021-22, “Qrasshoppers” (İsveçrə) – 2022-23, “Hatayspor”(Türkiyə) – 2023-24, “Ankaragücü” (Türkiyə) – 2024-davam edir
Futbolçu karyerasına Almaniyada başlayan hücumçu “Ayntraxt”da püxtələşib. İstedadını kəşf edən “Leypziq” 2014-cü ildə Renatı transfer edib. Rəsmi olaraq ilk oyununa Portuqaliyanın “Eştoril” klubunda çıxan oyunçu bir il sonra İngiltərə Premyer Liqası klublarından “Vulverhempton”a keçid edib. Burada matça çıxmayan oyunçu sırasıyla Portuqaliyanın “Pasuş De Fereyra” və İsveçrənin “Qrasshoppers” klublarında çıxış edib. İsveçrə təmsilçisindəki çıxışı ilə diqqətləri özünə çəkən hücumçu 2023-cü ildə “Hatayspor”a transfer olub.
Bir vaxtlar U-16, U-17 çərçivəsində Almaniya millisini təmsil edən Renat milli seçimini Azərbaycandan yana istifadə edib. Oyunçunun Azərbaycan klubları ilə adı bir çox dəfə çəkilsə də, yerli komandalarımızın heç birində çıxış etməyib. Almaniya, İngiltərə, Portuqaliya kimi bir çox ölkədə çıxış edən Renat hazırda Türkiyənin “Ankaragücü” klubu üçün tər tökür.
Adını çəkdiyim bu oyunçulara nəzər salsaq görərik ki, onlar xarici klublarda 1 və ya 2 il keçirdikdən dərhal sonra komandalarını dəyişirlər. Əslində bunun bir çox səbəbi var. Məsələn, rəhbərlik futbolçunun oyunundan narazı ola, baş məşqçi ilə araları yaxşı olmaya və yaxud həmyerlilərimiz həmin komandadan narazı ola bilər (bu, məncə, mümkünsüz bir haldır).
Bizim oyunçuların əsas problemi transfer olduqları kluba adaptasiya ola bilməmələridir. Futbolçularımızda potensial görən xarici klublar inanırlar ki, “gəlib burda öz üzərində işləyər”. Amma nə olur? Heç nə. Gedən oyunçu ya dili öyrənmir, ya təlim-məşq toplanışlarına gecikir, ya da ailəsi üçün darıxıb qayıtmaq istəyir. Bu səbəblər futbolumuzun nə dərəcədə peşəkarlıqdan uzaq olduğunu göstərir.
Xaricə nəzər salsaq, illərlə öz sırasını gözləyən minlərlə insan var. Amma heç biri özünü geri çəkmir, əksinə daha çox çalışır, səy göstərir, məşqçi və texniki heyətin gözünə girməyi hədəfləyir. Düşünürəm ki, yerli oyunçularımız tez-tez klub dəyişməkdənsə öz üzərlərində çalışsalar, gələcəkdə dünya mediasında futbolumuz haqqında xəbərlər dərc olunmağa başlayacaq.
Hacı Heydər