AFFA İcraiyyə Komitəsində qərarlar: Zaur Axundov istefa verdi
25.11.2025 - 20:46
AFFA İcraiyyə Komitəsində qərarlar: Zaur Axundov istefa verdi

Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib, daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclası əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı ilə başlayıb. Milli komandanın çıxışı ətraflı müzakirə olunub və gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

Ardınca, Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat təqdim edib. Onun çıxışı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyişiklikləri təsdiqlənib.

Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılması barədə ərizəsi qəbul edilib. AFFA İntizam Komitəsində vakant yerlərə isə yeni namizədlər Zümrüd Ağayeva və Murad Məmmədov təsdiqlənib.

Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.