Robbi Kin: “Axmaq qollar buraxdıq”
27.08.2025 - 23:24
Robbi Kin: “Axmaq qollar buraxdıq”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Ferentsvaroş"la qarşılaşıb - 2:3.

Apasport.az xəbər verir ki, görüşdən sonra Macarıstan təmsilçisi Robbi Kinin mətbuat konfransı keçirilib.

- İlk oyundan sonra Bakıdakı oyun haqda iddialı danışmışdılar. Lakin mərhələni keçə bilmədiniz. Maraqlıdır, bu cür danışmaq sizin stilinizdir, yoxsa Bakıda qalib gələcəyinizə inanırdınız?
- Xatırlamıram ki, udacam demişəm. Dedim ki, qalib gələcəyimizə inanıram. Aralarında fərq var. Qalib gələcəyimizi desəydim, bu, qürurlu olardı. "Qarabağ" güclü komandadır, bilirdim ki, çətin olacaq. Amma futbolçularına inanırdım. Biz bir qolla uduzduq. Çox çətin oyun oldu. "Qarabağ"ı təbrik edirəm. Biz yaxşı komandaya qarşı uduzduq. Yaxşı imkanlarımız oldu. Hədəfə doğru irəliləyirdik. Amma təəssüf ki, istədiyimiz kimi alınmadı.

- Özünüzü necə hiss edirsiz?
- Başa düşürük ki, yaxşı vəziyyət deyil. Uduzmağı sevmirəm. Baş məşqçi olaraq uduzmaq bizim üçün ağırdır. Emosiyalarım normaldır. Bir oyun bitdi. Oyunçular hər şeyi etdilər. Həvəsli idilər. Mübarizə aparmaq lazımdır, qalib gəlmək lazımdır. Bəzi hallarda uduzursan, bəzən qalib gəlirsən. İdmandır. Eyni zamanda, biz çox axmaq qollar buraxdıq. Onları analiz edəcəyik. Rəqibə hədiyyələr də verdik.

- Bu uğursuzluğa görə, Kadinin əlinizdən çıxmasına görə təəssüfləndiz?
- Kadi yaxşı oyunçudur, yaxşı pressinq edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə birlikdə olduq. Bizim də yaxşı oyunçularımız var. Aleks Tot xəstələnmişdi. Kadi də yaxşı futbolçudur, yaxşı insandır. Ona uğurlar arzulayıram.

- Hər qol vuranda rəqibə qarşı emosional, xoşagəlməz hərəkətlər edirdiniz. Düşünmürdünüz ki, rəqibi qıcıqlandırırdız? 
- Ciddi soruşuram, nəyə görə belə soruşursuz? Əlbəttə, emosional olmalıyam. Siz qol vuranda qeyd edirdiz də, hər kəs skamyadan çıxırdı. Sizin baş məşqçiniz qolları qeyd etmirdi? Baş məşqçi robot olmalıdır? Emosiyalarımız olacaq. Penalti də oldu. O qədər emosional reaksiya vermədim. Ondan sonra dedim ki, davam edin. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

- Baş məşqçilər dəyişir, Çerçesov gedir, Kin gəlir. Sizə elə gəlmir ki, "Ferentsvaroş"un "Qarabağ" lənəti var?
- Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Robbi Kin də, digər məşqçi də olanda bəlkə uduzmuşuq. Bu sadəcə baş məşqçi ilə əlaqəli deyil, kollektiv oyundur. Bunu sorğulaya bilmərəm. Üzülürəm ki, uduzduq. Futbolçularım adına da narahatam. Amma fikirləşirik ki, biz diqqətimizi Avropa Liqasına yönəldəcəyik.

- Bu "Qarabağ" Çempionlar Liqasında hansı nailiyyətə imza ata bilər?
- Məni çox da maraqlandırmır. Həqiqətən məni maraqlandırmır. Səmimi danışım, mən onlara uğurlar arzulayıram. Artıq "Qarabağ"ın sonrakı oyunları məni maraqlandırmır. Öz komandama fokuslanacam.

- Liqa mərhələsinə düşmək üçün nə çatışmadı?
- Bəzi hallarda məsələyə geniş aspektdən baxmaq lazımdır. Büdcə və digər məsələlər var. Bəlkə bir az bəxtimiz gətirmədi. Yaxşı başlamışdıq. Mən gəldiyimdən bəri doğru insanlarla doğru işlər görmüşük, xarakter göstərmişik. Bu da vacibdir. düzgün insanlar, düzgün mentalitet varsa, çox işə nail olmaq mümkündür.

- Sakit başla analiz etsəz, böyük karyerası olan Robbi Kinin kiçik futbol ölkəsi olan Azərbaycan klubuna uduzmasını necə şərh etmək olar?
- Bunun karyeramla əlaqəsi yoxdur. Mən əvvəl futbolçu olmuşam. Karyeram vacib deyil. Robbi Kini yaddan çıxarmaq lazımdır. Bu, artıq mənim yox, komanda işidir. Millidən neçə oyunçunuz var? Bunlar hamısı oynçularla bağlıdır. Xarici oyunçularınız var. Millidə oynayanlar çox yoxdur ki, "Qarabağ"da. Amma bizdə Macarıstan millisində oynayan 6 oyunçu var. Sizdə 3 oyunçu var idi. 7-8 oyunçu isə xaricilər idi. Bir çox hallarda, 5-6 macar oyunçu komandada olur. "Qarabağ" fərqli məsələdir. "Qarabağ"ı Azərbaycan olaraq nəzərə almayaq. Burada xaricilər var. Bizdə Macarıstan millisində oynayanlar var.

- Bakı haqda təəssüratınız necə idi?Şəhəri gəzə bildiz?
- Xeyr. Dünən gəldik, yalnız oteldən gördüm. Çox yaxşı şəhəriniz, binalarınız var. 

- Stadionun ot örtüyünün vəziyyəti nəticəyə nə qədər təsir etdi?
- Qalib gəldik. DEmək bizə təsir etmədi. Ümumi hesabda uduzsaq da, bu gün qalib gəldik. Amma bununla bağlı stadiona cavabdeh şəxslərlə danışmaq lazımdır. Bu sizin stadionunuzdur. Burada bir daha oynamayacam. Vəzifəm deyil ki, stadionla bağlı şərh verim.