Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi
04.10.2022 - 22:15
Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb. 

Apasport.az saytının məlumatına görə, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışın final mərhələsinin axşam sessiyasında Azərbaycan yığmasının daha 2 üzvü həlledici döyüşə çıxıb. 

Boksçumuz Məhəmmədəli Qasımzadə (57 kq) ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsi (Latviya) məğlub edən milli üzvü bu titula finalda bolqarıstanlı Viktorio İliyevi məğlub etməklə nail olub. Qasımzadə həlledici döyüşdə rəqibinə 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il analoji yarışda gümüş medal qazanan Məhəmmədəli 2019-cü ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.  

Armandas Kreqzde (Litva), Artur Avetikyan (Ermənistan) və Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdıran Məhəmmədəli Aşurəliyev (54 kq) isə finalda ingiltərəli Adam Maca ilə gücünü yoxlayıb. Gərgin keçən döyüşdə rəqib qələbə qazanıb və boksçumuz yarışı ikinci pillədə bitirib. 

Beləliklə, Azərbaycan milli komandası 8 gün davam edən Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Aşurəliyev və Qasımzadədən öncə Emili Rzayeva (70 kq) çempion tituluna yiyələnib, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub. 

Nəticədə boksçularımız Avropa birinciliyində 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıblar.

Qeyd edək ki, yığmamız oktyabrın 7-də Bakıya qayıdacaqlar. 
 

writer photo
Əlirza Əlirzalı
0