“Ağır oyun olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, komandasının yarımfinala adlamasına münasibət bildirib: “Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir. Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi. 90 dəqiqə layiqli mübarizə apardıq və “Qarabağ” kimi komandaya qarşı sonadək vuruşduq. Heyətimiz geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynadı. Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib. İndi avrokubok haqda düşünmürük. Çempionatda ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək”.
Qeyd edək ki, komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.