"Linkoln"un baş məşqçisi: "Sabah meydana çıxıb vuruşacağıq"
29.07.2024 - 18:40
"Linkoln"un baş məşqçisi: "Sabah meydana çıxıb vuruşacağıq"

Cəbəllütariqin "Linkoln" klubu Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Xavier Munyoz matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yenidən Bakıda olmaq çox xoşdur. Keçən il də bura gəlmişdik. Bizi çox çətin oyun gözləyir. İlk matçda qeydə alınan nəticə də bunu göstərir. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz haqda xoş təəssüratlar buraxmaq istəyirik. "Qarabağ" çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiz.

- "Qarabağ"ın hansı güclü tərəfini və bu komandadan hansı futbolçunu xüsusi qeyd edə bilərsiz?

- Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. "Qarabağ" kollektiv olaraq güclüdür. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdır. "Qarabağ"ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları "Bayer" 97-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. "Qarabağ" ötən mövsümkü heyəti saxlaya bilib.  Onlar çox güclü rəqibdir.

- Demək olar ki, ötən mövsüm “Linkoln” evdə “Qarabağ”a qarşı daha yaxşı mübarizə göstərə bilmişdi?

- "Qarabağ" böyük komandadır. Bizim kimi kiçik komanda üçün xırda detallar önəmlidir. İlk oyunda VAR lehimizə penalti verə bilərdi. Bəlkə də oyunun ssenarisi fərqli ola bilərdi. Birinci hissənin son saniyəsində "Qarabağ" qol vurdu. Təbii ki, bu da öz təsirini göstərdi. Belə xırda detallar bizim kimi kiçik komandanın "Qarabağ" kimi rəqiblərlə oyunlarında çox rol oynayır.

- Ötən mövsümkü "Qarabağ" güclü idi, yoxsa indi?

- O qədər də dəyişiklik yoxdur. Qurban Qurbanov 15 ildir ki, komandada işləyir. Futbolçular bir-birini gözüyumlu başa düşür. Səhv etmirəmsə, 1-2 heyətdə dəyişiklik baş verib. Qalan oyunçular eynidir. "Qarabağ"ın oyunu belədir ki, cinah yarımmüdafiəçiləri cərimə meydançasına daxil olur, cinah müdafiəçiləri hücuma qoşulurlar. Variantları çoxdur. Biz də yaxşı müdafiə olunmağa çalışırıq.

- Mərhələni keçə bilməsəz də, qalib də gəlsəniz “Ludoqorets” – “Dinamo”(Minsk) cütünün qalibi və ya məğlubu ilə qarşılaşacaqsınız. Bu mənada, hər iki komandanı yəqin ki, analiz etmisiz. Sizcə, “Ludoqorets”, “Dinamo”(Minsk) “Qarabağ” və "Linkoln"dan hansı daha güclü görünür?

- Futbolun böyüklüyü ondadır ki, öncədən proqnoz vermək olmur. Çox böyük qəhrəmanlıqlar görmüşük futbolda. "Ludoqorets" "Dinamo"nu 2:0 hesabı ilə məğlub edib. Onlar müəyyən üstünlüyə sahibdir. Ona görə hansısa müqayisə aparmaq, kimin güclü və ya zəif olması haqda fikir bildirmək düzgün olmaz. Sadəcə futbol oynamaq lazımdır. Hakim final fitini səsləndirməyənə qədər bir şey demək olmaz.

writer photo
Əlirza Əlirzalı
0