"Mingəçevir"də nə baş verib? - Füzuli Məmmədov "apasport"a açıqladı
07.02.2025 - 21:13
"Mingəçevir"də nə baş verib? - Füzuli Məmmədov "apasport"a açıqladı

Mətbuatda I Liqanın “Mingəçevir” klubunda qalmaqal yaşandığı ilə bağlı yazılar dərc olunub.

Belə ki, komandanın iki futbolçusunun düşərgəni tərk etdiyi bildirilib. Həmin yazılarda baş məşqçi Füzuli Məmmədovun Elnur Mirzəyevi təhqir etdiyi, ardından onu 500 manat məbləğində cərimələdiyi yazılıb. 

Xəbərə inansaq, daha sonra Xəyal Muradov da Mirzəyevə qoşulub və onlar komandanın düşərgəsini tərk ediblər.

Maraq üçün “Mingəçevir”in baş məşqçisi Füzuli Məmmədov və futbolçusu Elnur Mirzəyevlə əlaqə saxladıq. Onların “apasport.az”a açıqlamaları belə oldu:

Füzuli Məmmədov: “Mövzu ilə bağlı yazılanlar dezinformasiyadır. Bunlar həqiqəti əks etdirmir. Xəyal Muradov zədəli olduğu üçün bərpa prosesi keçir. Vəziyyəti düzələndən sonra komandaya qoşulacaq. Elnur Mirzəyev isə hələ ki, komandamızın üzvüdür. Sadəcə özü getmək istəyir. Amma hələ qərar verməmişik. Bir daha qeyd edirəm ki, yazılanlar həqiqəti əks etdirmir”.

Elnur Mirzəyev: “Mətbuatda haqqımda yazılanlar həqiqəti əks etdirmir. Sadəcə baş məşqçi qırmızı vərəqəyə görə mənə iradını bildirdi və mənə etməli olduqlarımı göstərdi. Necə daha yaxşı ola biləcəyimi söylədi. Başqa bir hadisə yaşanmayıb. Özümün də komandada heç kəslə problemim yoxdur. Heç kimlə mübahisə etməmişəm. İki ildir ki, ordayam. Hamının xətrini istəyirəm, hamı da mənim. Təhqir yazıblar, nə təhqir? Kim kimi təhqir edib? Baş məşqçi niyə futbolçunu təhqir etsin ki? Heç bir anlaşmazlıq da olmayıb. Düzdür, başqa klubdan təklifim var. Bununla da bağlı məşqçi ilə danışmışam. Füzuli müəllim də deyib ki, düşünüb bir qərar verərik. Hələ ki, bu komandanın üzvüyəm. Bu gün də oyunumuz olub. Düşünürəm ki, baş məşqçi matçdan sonra qərarını bildirəcək. Getməyimə icazə versə, gedəcəm. Verməsə də, qalıb oyunuma davam edəcəm”. 

Qeyd edək ki, "Mingəçevir" hazırda 7 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0