Azərbaycan millisinin sabiq müdafiəçisi Rasim Ramaldanov apasport.az saytına müsahibə verib. Yığma komandamızın keçmiş üzvü millinin qarşıdakı Monqolustan və Bolqarıstan görüşündən gözləntilərini bölüşüb.
-Azərbaycan milli komandasını qarşıda Monqolustan və Bolqarıstana qarşı yoxlama oyunları gözləyir. Bu görüşlər milli komandamıza səncə nə qazandıracaq? Xüsusən də, Monqolustanla matç...
- Fikrimcə, bu toplanışın olması heç də pis deyil. Yəqin ki, baş məşqçi komandanı yığıb qarşıdakı oyuna öz fəlsəfəsini və taktikasını yeritmək istəyir. Bunun üçün də toplanış təşkil edilib. Milli üçün toplanış etmək heç vaxt pis deyil. Hər zaman toplanış yaxşıdır, futbolçuların da bir-birinə uyğunlaşması üçün müsbət haldır.
- Milli komandaya Arif Əsədov müvəqqəti baş məşqçi təyin edilib. Səncə, nəticələr və oyundan asılı olaraq Arif Əsədovun millinin baş məşqçi postunda qalması şansı yarana bilər? Yəni, səncə, ona şans vermək olar?
- Niyə də yox? Niyə də olmasın? Arif Əsədov futbolu yetərincə yaxşı bilir. Bu onun üçün bir şans olacaq. Allah qoysa, onun üçün də hər şey uğurlu alınar.
- Milli komandaya dəvət edilənlər arasında əksəriyyəti legioner həyatı yaşayır. Türkiyə, Ukrayna, İsveç, Niderlandda oynayan futbolçularımız var. Bunun özü millinin çıxışına nə dərəcədə təsir edə bilər? Çoxdandır ki, millidə bu qədər legionerimiz heç yox idi...
- Bu suala belə cavab verəcəm: bu, məşqçinin şəxsi işidir. Yəqin ki, öz strategiyasına və taktikasına uyğun futbolçular dəvət edib. Qarşıda millini iki oyun gözləyir. Dəvət edilənlər də yaxşı futbolçulardır. Arif Əsədov da onun taktikasına uyğun oyunçuları çağırıb. Ümid edək ki, hər yaxşı alınacaq.
- Əsas problem millimizin hücumçularının oynamamasındadır. Çünki klublarında oynamırlar. Renat Dadaşov və Musa Qurbanlıya şans verilmir. Ramil Şeydayev isə effektsiz görünür. Bu barədə fikrin necədir?
- Yaxşı hücumçularımız azdır. Kimlərimiz varsa, onlarla da oynamalıyıq. Dediyim kimi, milliyə dəvət olunanlar yaxşı futbolçulardır. Milliyə xeyir verəcəyinə inanıram.
- Ümumiyyətlə, səncə, özünü yaxşı tərəfdən göstərib, millidən kənarda qalan, milliyə dəvət edilməyən oyunçu oldu?
- Ad çəkmək istəmirəm. Bəlkə də, millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi. Hər halda, Arif Əsədovun seçimi bu cür olub.
- Müdafiəçi olduğun üçün millinin hazırkı müdafiə xəttində yer alanları qiymətləndirməyini istəyərdim. "Qarabağ"ın müdafiə xətti Bədavi Hüseynov - Bəhlul Mustafazadə neçə oyundur avrokuboklarda tandem təşkil etdilər. Səncə, millidə də eyni tandemə üstünlük verilməlidir? Ən yaxşı formada olan müdafiəçimiz kimdir sənə görə?
- Mənə görə, eyni tandemə üstünlük verilməlidir cümləsi yoxdur. Çünki o vaxta qədər kim yaxşı olacaqsa, baş məşqçi də ona şans verəcək, meydana buraxacaq. Mənə görə, 2-3 yaxşı mərkəz müdafəçimiz var. Onların arasında belə də böyük fərq yoxdur. Demək olar ki, hamısı eyni səviyyədədir.