Tərlan Əhmədov “Kəpəz”də: “Yaxşı nəticələr qazanmalıyıq”
04.09.2022 - 18:17
Tərlan Əhmədov “Kəpəz”də: “Yaxşı nəticələr qazanmalıyıq”

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının autsayderini Tərlan Əhmədov çalışdıracaq.

Təcrübəli mütəxəssislə anlaşma cari mövsümün sonuna kimi nəzərdə tutulub. Əhmədova məşqçilər korpusunda yer alan Ədahim Niftəliyev, Ceyhun Tanrıverdiyev, Vidadi Rzayev və Nadir Şükürov kömək edəcək.

Gəncə təmsilçisinin yeni çalışdırıcısının təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Əhmədova inandıqlarını, onun təyinatının komanda üçün xeyirli olacağını bildirib. Gəncə azarkeşlərinin tələbkar olduğunu qeyd edən İdarə Heyətinin sədri yeni baş məşqçinin komandanı düşdüyü vəziyyətdən çıxaracağına ümid etdiklərini söyləyib. O, əlavə edib ki, Əhmədov ölkədə tanınan mütəxəssislərdəndir və o, “Kəpəz”ə hədəfinə çatmaqda kömək edə biləcək. 

Əhmədov da təyinatı barədə fikirlərini açıqlayıb: “Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. “Kəpəz”in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bu ənənələri bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm. Çətinlikləri bilirəm. Amma bu bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz. Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət Premyer Liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən şansdan istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun”.

Qeyd edək ki, “Kəpəz”i mövsümün ilk 4 turunda Yaşar Vahabzadə çalışdırıb. V tura komandanı Xaliq Mərdanov çıxarıb.

writer photo
Əlirza Əlirzalı
0