Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb
07.02.2025 - 00:58
Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz “Zaqreb Open”də döşək üzərinə çıxıb.

92 kq
Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoyevə (4:0) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə yığmamızın digər üzvü Abubakr Abakarovla üz-üzə gəlib. Abubakr yarımfinala kimi iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) mübarizədən kənarlaşdırıb. Yığma üzvlərinin qarşılaşmasında 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Amma Nurmaqomedov uğurlu çıxışı həlledici görüşdə davam etdirə bilməyib. O, iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzaraq, gümüş medal qazanıb. Abakarov isə 3-cülük görüşündə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürüncə sahib çıxıb.

Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə yığmamız sərbəst güləşçiləri 5 medal qazanıblar. Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib çıxıblar.

writer photo
Əlirza Əlirzalı
0