Valentin Xodukin: “Qarabağ”la oyunda əlimizi yuxarı qaldırıb, təslim olmalı deyilik ki?”
18.04.2008 - 16:06
Valentin Xodukin: “Qarabağ”la oyunda əlimizi yuxarı qaldırıb, təslim olmalı deyilik ki?”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis bildirib ki, Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində sabah qarşılaşacaqları “Qarabağ” ciddi rəqibdir: “”Qarabağ” bizə yaxşı tanışdır. Cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, dördüncü dəfə qarşılaşacağıq. “Qarabağ”ı kubokda üstələmək bizə heç də asan olmadı. Bu komandanın futbolçuları meydanda sıx oynayır, rəqibdən yapışırlar. Ukraynada belələrini “dişləyən” komanda kimi xarakterizə edirlər”. Sabahkı matçda heyətlə bağlı problemlərə görə narahatlığını gizlətməyən V.Xodukin gələn həftə “Neftçi” ilə ölkə kuboku uğrunda keçiriləcək yarımfinal oyununu da düşünür: “Təqvimə əsasən, bizi ardıcıl çətin oyunlar gözləyir. “Qarabağ”la görüşdən 4 gün sonra “Neftçi” ilə cavab matçımız var. Hər iki oyunda maksimum nəticə qazanmalıyıq. Ancaq heyətimdə ciddi problem var. Serbiyalı yarımmüdafiəçi Qoran Arnaut zədələnib. Son iki oyunda komandamızın qollarına imza atan uruqvaylı Valter Quqlemon isə cəzalıdır. Ancaq itkilərimiz var deyə, “Qarabağ”la oyunda əlimizi yuxarı qaldırıb, təslim olmalı deyilik ki?”.
Qeyd edək ki, “İnter” “Qarabağ”la cari mövsümdə keçirdiyi üç oyunun ikisində qələbə qazanıb (1:0; 1:0), birində isə heç-heçə (2:2) edib.
0