Tuyqun Nadirov: “Xəzər-Lənkəran” İntertoto kubokunda oynamaqda maraqlı deyil”
23.04.2008 - 16:23
Tuyqun Nadirov: “Xəzər-Lənkəran” İntertoto kubokunda oynamaqda maraqlı deyil”
“Əslində İntertoto mənim üçün sevilməyən turnirdir. Elə çoxları da bu yarışda oynamağı xoşlamır. Çünki İntertoto komandalar istirahətdə olan vaxtda başlayır. Tələm-tələsik bir araya gəlib, yarışa qatılmaq isə sonradan pis nəticələnir. İntertoto komandanın mövsümə plan üzrə hazırlaşmasına imkan vermir və çempionatın gedişində bunun acısını çəkirsən. Ancaq bununla belə, həmin turnirdə bir növ məcburiyyətdən oynamalı olursan. Çünki imtina ağır maliyyə cəzasına məruz qalmaq deməkdir. Bildiyimə görə, cərimənin məbləği təxminən 300 min İsveçrə frankı təşkil edir”.
“Xəzər-Lənkəran” isə İntertotoda çıxış etməkdə maraqlı deyil. Klubun vitse-prezidenti Tuyqun Nadirov “APA-Sport”a açıqlamasında bunu iddialarının böyük olması ilə əsaslandırıb: “Elə səviyyədə komanda deyilik ki, avrokuboklarla bağlı ümidimizi yalnız bu turnirə bağlayaq. Hazırda 4-cü yerdə olsaq da, çempionatda sonadək mübarizə aparacağıq. 2-ci pilləni tutan “Neftçi” ilə 4 xal fərqimiz var. Komandamızın artıq uğursuzluq zolağından çıxması, son vaxtlar yüksəlişdə olması gələcəyə nikbin baxmağa əsas verir. Bu dəfə Çempionlar Liqasına olmasa belə, UEFA kubokuna vəsiqə qazanmaq fikrindəyik. Cari mövsümlə bağlı iddiamız Azərbaycan kubokunu qazanıb, çempionatı 2-ci yerdə başa vurmaqdır”.
0