Emin İmaməliyev: “İnter”dən Valentin Xodukinə görə getməmişəm”
11.08.2008 - 18:10
Bakı. Mehman Süleymanov – APA-Sport. “İnter”i öz istəyimlə tərk etdim. Bu qərarı Belqraddan qayıtdıqdan sonra ani olaraq qəbul etdim. Elə iki il öncə “Bakı” ilə çempionluğu qazandıqdan sonra “İnter”ə keçidim də gözlənilməz olmuşdu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qarabağ” futbol komandasının yeni transferi Emin İmaməliyev deyib. Son iki mövsümdə çıxış etdiyi “İnter”in kapitanı kimi Azərbaycan çempionu olan 28 yaşlı yarımmüdafiəçi ukraynalı baş məşqçi Valentin Xodukinlə probleminin olduğunu təkzib edib: “Ümumiyyətlə, mən baş məşqçilərlə qalmaqalda olmağı xoşlamıram. “İnter”dən Xodukinə görə getməmişəm. “Qarabağ”ı seçməyim maddi amillərlə də bağlı deyil. Mənim üçün maddi məsələlər yox, daim oynamaq daha önəmlidir. “İnter”də isə kapitan olduğum halda, heç də həmişə əsas heyətdə yer almırdım. Əlbəttə, heyəti müəyyənləşdirmək baş məşqçinin səlahiyyətinə aid olan məsələdir. Ancaq hazır vəziyyətdə, yaxşı formada olduğum halda, ehtiyatda qalmağımı başa düşmürdüm”. “Qarabağ”a böyük ümidlərlə gəldiyini deyən E. İmaməliyev bu komandaya yeni təyin olan baş məşqçi Qurban Qurbanovun dəvətini qəbul etdiyini söyləyib: “Gənc çalışdırıcısı olan “Qarabağ”ın bu mövsüm iddiası böyük olacaq. “Bakı” və “İnter”dən sonra karyeramda növbəti çempionluğu bu komandada qazanmaq istəyirəm. Qarabağın adını daşıyan komandada çıxış etmək şərəflidir. İnşallah, “Qarabağ”ın azarkeşlərini çoxdan gözlənilən çempionluqla sevindirərik. Komandanın hazırlığına mövsümün startında qatıldığımı nəzərə alsaq, əsas heyətə düşmək çətin olacaq. Ancaq bu, artıq məndən asılıdır. Ümidləri doğruldacağıma inanıram”.
0
0