Ramin Musayev: “AFFA-nın İcraiyyə Komitəsi müvəqqəti lisenziya verdiyimiz Rasim Kara ilə bağlı qərar çıxaracaq”
12.08.2008 - 13:27
Ramin Musayev: “AFFA-nın İcraiyyə Komitəsi müvəqqəti lisenziya verdiyimiz Rasim Kara ilə bağlı qərar çıxaracaq”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Rasim Kara bizim verdiyimiz müvəqqəti lisenziya əsasında “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi ilk turda “Karvan”la Yevlaxdakı oyunda texniki zonada yer alıb. Türkiyəli mütəxəssisin müqavilə ilə bağlı olduğu “Qarabağ” klubunun rəhbərliyi bundan xəbərdardır”. Bu sözləri “APA-Sport”a açıqlamasında Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev deyib. O bildirib ki, Rasim Karanın məsələsi ilə bağlı araşdırma hələ yekunlaşmayıb: “Bizdə futbolçuların statusu ilə bağlı əsasnamədə belə mübahisəli məsələlərin həlli nəzərdə tutulub. Ancaq təəssüf ki, bunu məşqçilərə aid edə bilmərik. Təkcə bizdə yox, beynəlxalq futbol qurumlarında da belədir. Mövsümün startına bir həftə qalmış müqaviləsi olduğu komandanı ataraq başqasının sükanı arxasına keçən məşqçi ilə bağlı hansı qərar çıxarılmalı olduğumuzu FİFA və UEFA-dan soruşduq. Ancaq onlar da bizə konkret cavab vermədilər. Belə olan halda bir qədər gözləməli olacağıq. AFFA-nın Oyunçuların Statusu üzrə Departamenti hazırda araşdırma aparır. Bu müddətədək isə Karaya müvəqqəti lisenziya verməyi məqsədəuyğun saydıq. Hər halda, o, müqavilə ilə “Xəzər-Lənkəran”ın yeni baş məşqçisidir”.

R. Musayev “Qarabağ” və “Xəzər-Lənkəran” arasında yaranan mübahisəyə ayın sonunadək tam aydınlıq gələcəyini söyləyib: “Qeyd etdiyim departamentlə yanaşı, AFFA-nın İcraiyyə Komitəsi də mövqeyini bildirəcək. Komitənin üzvləri on gün ərzində iclas keçirəcəklər. Həmin yığıncaqda türkiyəli mütəxəssisin məsələsi müzakirə olunaraq qərar qəbul ediləcək. Biz də bu qərara uyğun işimizi görəcəyik”.
0