“Xəzər-Lənkəran” Türkiyənin “Beşiktaş” klubuna böyük hesabla məğlub olub
18.08.2008 - 10:31
“Xəzər-Lənkəran” Türkiyənin “Beşiktaş” klubuna böyük hesabla məğlub olub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Oqtay Dərəlioğlunun vida matçında Türkiyənin “Beşiktaş” komandası ilə qarşılaşan “Xəzər-Lənkəran” İstanbulun “İsmət İnönü” stadionunu böyük hesablı məğlubiyyətlə tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, Oqtay Dərəlioğlunun son dəfə formasını geydiyi istanbullular 4:0 hesabı ilə qələbə qazanıb. 33 yaşlı hücumçu cəmi 6 ay formasını daşıdığı “Xəzər-Lənkəran”a qarşı görüşdə 15 dəqiqə meydanda olub. Bütün qollar 16-cı dəqiqədə yerini Nacib Uysala verən O. Dərəlioğlunun meydanı tərk etməsindən sonra vurulub. Qarşılaşmanın 32 və 54-cü dəqiqəsində fərqlənən Mert Nobre dubla imza atıb. 59-cu dəqiqədə qol sevinci yaşayan İbrahim Toraman cəzası bağışlanandan sonra meydana çıxdığı ilk oyundaca rəqib qapısına yol tapıb. “Xəzər-Lənkəran”ın qapısına son qolu isə 82-ci dəqiqədə Saim Çelik vurub. Qeyd edək ki, O. Dərəlioğlu 2004/05 mövsümündə çıxış etdiyi “Xəzər-Lənkəran”ın heyətində 21 oyuna 17 qol vurub.
0