«Beşiktaş»ın veteran futbolçuları Oqtay Dərəlioğlunun vida matçını boykot ediblər
18.08.2008 - 15:30
«Beşiktaş»ın veteran futbolçuları Oqtay Dərəlioğlunun vida matçını boykot ediblər
«APA-Sport» agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Beşiktaş» və «Xəzər-Lənkəran» komandaları arasında keçirilmiş oyundan öncə veteran futbolçular arasında təşkili nəzərdə tutulan görüş baş tutmayıb. Keçmiş komanda yoldaşları O. Dərəlioğlunun futbolçu karyerası ərzində bir çox ciddi səhvlərə yol verdiyini və komanda yoldaşı Sərdar Torpaqtəpənin sevgilisini əlindən aldığını səbəb göstərərək matça gəlməyiblər. Onlar «Beşiktaş»ın veteranları arasında vida matçının keçirilməsinə daha layiqlilərinin olduğu halda, belə görüşün məhz O. Dərəlioğlu üçün təşkilinin səbəbini anlaya bilmədiklərini vurğulayıblar.
Qeyd edək ki, İstanbul şəhərindəki «İnönü» stadionunda keçirilən və «Beşiktaş»ın «Xəzər-Lənkəran» üzərində 4:0 hesablı qələbə qazandığı matçı izləyənlər arasında da Əli, Mətin, Fəyyaz, Rəcəb, Gökhan, Sərdar, Sərgən kimi ulduz futbolçular olmayıblar. Veteranlardan tamaşaçılar arasında yalnız Rza Çalımbay yer alıb.
0