Azərbaycan futbol yığmasını İslandiyada 60 azarkeş dəstəkləyəcək
19.08.2008 - 01:14
Reykyavik. Aqşin Əliyev – APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası növbəti beynəlxalq yoldaşlıq görüşünü keçirmək üçün avqustun 18-də İslandiyanın paytaxtı Reyvyavikə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Bakı-Keflavik çarter reysi ilə səfərə çıxan yığma 7 saatlıq uçuşdan sonra yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 22:00-da) mənzil başına yetişib. Futbolçularımız Keflavikdən xüsusi avtobusla oyunun keçiriləcəyi Reykyavikə gediblər və dərhal ilk məşqə çıxıblar. Müsbət 11 dərəcə altında məşq edən oyunçular yüngül isinmə hərəkətləri ilə kifayətləniblər. Bu gün Bakı vaxtı ilə saat 16:00-da yığmamız ikinci dəfə məşq keçəcək. Bu məşq mətbuata açıq olacaq. “İcelandair Loftleidir” otelində məskunlaşan milli komandamızın bu gün axşam qapalı məqşlə İslandiya ilə oyunun hazırlığına yekunlaşdıracaqlar. Ümumiyyətlə, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi 106 nəfərlik nümayəndə heyətində futbolçularla bərabər, jurnalistlər və azarkeşlər də yer alıblar. Qarşıdakı yoldaşlıq matçında Berti Foqtsun yetirmələrini 60 fanat dəstəkləyəcək. İslandiya - Azərbaycan görüşü avqustun 20-dən 21-nə keçən gecə Bakı vaxtı ilə saat 00:45-də başlanacaq. Tarixində ilk dəfə islandiyalıları sınağa çəkəcək əsas milli komandamızın oyunu AzTV telekanalı vasitəsilə canlı yayımlanacaq.
0
0