Latviya millisinin baş məşqçisi: “Azərbaycana qarşı əsas heyətlə oynaya bilməyəcəyik”
20.08.2008 - 10:06
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Azərbaycan millisinə qarşı oyunda əsas heyətlə çıxış edə bilməyəcəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Latviyanın gənclərdən ibarət milli futbol komandasının baş məşqçisi Gennadi Şitiks deyib. Bu gün Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası ilə yoxlama oyununda üz-üzə gələn latviyalıların heyətindəki ciddi itkilər mütəxəssisi narahat edir: “Azərbaycanla qarşılaşmanın hazırlıqları məni qane etmir. Sərəncamımda cəmi 18 sağlam, məşq edə bilən oyunçu var. Vadim Zulev, Yevgeni Kosmaçov və Artur Silaiqilis kimi istedadlı oyunçular zədə üzündən yığmaya kömək edə bilmir. Məcburiyyətdən 19 yaşlı Aleksandr Qramoviçi heyətə cəlb etməli oldum. Seçmə oyunlar ərəfəsində keçirəcəyimiz yoldaşlıq görüşündə müdafiəçi Sergey Kozans və hücumçu Kristap Blanksın oynamayacağına da çox üzülürəm”. Qeyd edək ki, Azərbaycan və Latviyanın gənclərdən ibarət milli komandaları arasında bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0