Azərbaycan futbol yığması İslandiya ilə heç-heçə oynayıb
21.08.2008 - 01:33
Azərbaycan futbol yığması İslandiya ilə heç-heçə oynayıb
Reykyavik. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq görüşünü keçirib. “APA-Sport” agentliyinin Reykyavikə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, almaniyalı Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Reykyavikin “Lauqardalsvolyur” stadionunda İslandiya yığmasını sınağa çəkib. Meydanda 4-5-1 taktiki sxeminə uyğun düzülən milli komandamızın start heyətində Fərhad Vəliyev, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Rail Məlikov, Nodar Məmmədov, Elmar Baxşıyev, Samir Abbasov, Elvin Məmmədov, Cavid Hüseynov, Fabio Luis Ramim və Branimir Subaşiç yer alıb. Zədə ucbatından Aleksandr Çertoqanov və Usim Ndukanın adı matçın protokoluna belə düşməyib. 5133 azarkeşin izlədiyi görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçib və əsas proseslər meydanın mərkəzində cərəyan edib. Qarşılaşmada ilk təhlükəli vəziyyəti futbolçularımız yaradıblar. 24-cü dəqiqədə Nodar Məmmədovun sağ cinaha uzun ötürməsini qəbul edən Cavid Hüseynov cərimə meydançasına daxil olub. Lakin onun zərbəsini qapıçı Stefan Maqnusson qaytarıb, təkrar isə qeyri-dəqiq alınıb. Bundan 3 dəqiqə sonra Fərhad Vəliyev komandamızı real qoldan xilas edib. O, rəqibin ən təhlükəli futbolçusu, “Barselona” klubunun məşhur hücumçusu Eydur Qudyonssenin qüvvətli zərbəsini zərərsizləşdirib. 28-ci dəqiqədə F.Vəliyev növbəti dəfə ustalığını göstərib. Qapıçımız yenə E.Qudyonssenin yaxın məsafədən vurduğu təhlükəli zərbəni dəf edib. Birinci hissənin sonlarında tərəflər hərəyə bir dəfə fərqlənməyə yaxın olsalar da, hesab açılmayıb.
Fasilədə Elmar Baxşıyevi Emin Quliyevlə əvəzləyən B.Foqtsun dəyişikliyi uğurlu alınıb. Həmvətənlərimiz 48-ci dəqiqədə hesabda önə keçməyə nail olublar. Belə ki, yığmamızın braziliyalı legioneri Fabio Luis Ramim təxminən 20 metrlik məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:0. Bu, əcnəbi hücumçunun milli komandamızda ikinci qolu olub. Ancaq islandiyalılar tezliklə hesabı bərabərləşdiriblər. 58-ci dəqiqədə cərimə meydançasına qaldırılan topu Qretar Steynsson başla tora atıb. Qalan vaxtda futbolçularımız müdafiədə inamlı oyun nümayiş etdiriblər. Bir neçə dəfə qol vurmaq imkanı qazanan yığmamız şanslardan yararlana bilməyib. Beləliklə, milli komandamızın səfərdə İslandiya ilə qarşılaşması 1:1 hesablı bərabərliklə nəticələnib. Futbolçularımız bu gün çarter reysi ilə Vətənə dönəcəklər.
0