Azərbaycan iki sərbəst güləşçisi Pekin Olimpiadasında bürünc medal uğrunda mübarizə aparacaq
21.08.2008 - 10:13
Azərbaycan iki sərbəst güləşçisi Pekin Olimpiadasında bürünc medal uğrunda mübarizə aparacaq
84 kq çəkidə yer alan Novruz Temrezov ilk görüşündə Çaqnadorj Qanzoriqi (Monqolustan), daha sonra Reza Vazdanini (İran) məğlubiyyətə uğratsa da, ¼ finalda Georgi Ketoyevə (Rusiya) uduzub. G. Ketoyev finaladək irəliləyə bilmədiyindən, N. Temrezov bürünc medal uğrunda təsəlliverici qarşılaşmalara qatılma şansını itirib. 96 kq çəkidəki təmsilçimiz Xetaq Qazyumov isə ilk üç görüşündə ardıcıl olaraq, Matuş Qukman (Polşa), Vinsan Aka Akessi (Fransa) və Qurban Qurbanovu (Özbəkistan) məğlub olub. Yarımfinalda isə osetiyalı legionerimiz Şirvani Muradova (Rusiya) uduzub. X. Qazyumov bürünc medal qazanmaq üçün təsəlliverici qarşılaşmada Georgi Tibilov (Ukrayna) - Hakan Koç (Türkiyə) görüşünün qalibini məğlub etməlidir. 120 kq çəkidə mübarizə aparan güləşçimiz Əli İsayev isə 1/8 finaldakı ilk görüşdə Artur Taymazova (Özbəkistan) uduzub. Lakin A. Taymazovun finaladək irəliləməsi pəhləvanımıza təsəlliverici qarşılaşmalara qatılmaq imkanı yaradıb. Ə.İsayev bürünc medal qazanmaq üçün ardıcıl olaraq, Disney Valera Rodriges (Kuba) və Mehmet Aydın (David) Musulbesi (Slovakiya) yenməlidir.
0