Azərbaycan futbol yığması İslandiyadan Bakıya qayıdıb
21.08.2008 - 14:18
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası bu gün İslandiyadan Vətənə dönüb. “APA-Sport” agentliyinin Reykyavikə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yığma üzvlərini Keflavik-Bakı çarter reysi ilə gətirən təyyarə saat 13:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədovun rəhbərlik etdikləri nümayəndə heyətində məşqçilər, futbolçular, azarkeşlər və jurnalistlər yer alıblar. İslandiya ilə beynəlxalq yoldaşlıq görüşünə çağırılan oyunçulardan ikisi paytaxtımıza qayıtmayıb. Bunlar Polşanın “Poloniya” klubunda çıxış edən Saşa Yunisoğlu və Serbiyanın “Srvena Zvezda” komandasının şərəfini qoruyan Branimir Subaşiçdir. Hər iki futbolçu İslandiyadan birbaşa oynadıqları komandaların düşərgəsinə yollanıb. Yığmanın baş məşqçisi Berti Foqts yetirmələrini avqustun 25-də yenidən bir araya gətirəcək. Elə həmin gün növbəti beynəlxalq yoldaşlıq görüşünü keçirmək üçün milli komandamız İranın paytaxtı Tehrana yola düşəcək. Futbolçularımızın iranlılarla qarşılaşması avqustun 27-nə təyin olunub.
0
0