Branimir Subaşiçin komandası yenə qələbə qazana bilməyib
25.08.2008 - 11:17
Branimir Subaşiçin komandası yenə qələbə qazana bilməyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Serbiya çempionatında növbəti oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı hücumçunun şərəfini qoruduğu “Srvena Zvezda” klubu ikinci turun qarşılaşmasında da qələbə qazanmağı bacarmayıb. Birinci turda “Voyvodina”ya 0:2 hesabı ilə uduzan Belqrad təmsilçisi bu dəfə səfərdə “Banat”ın müqavimətini qıra bilməyib - 0:0. Matçın 50-ci dəqiqəsində oyuna daxil olan B.Subaşiç görüşün 76-cı dəqiqəsində real qol epizodu yaratsa da, komanda yoldaşları əlverişli imkandan yararlanmayıblar. Belə ki, onun güclü zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıqdan “Srvena Zvezda”nın futbolçuları fərqlənə bilməyiblər. Hazırda paytaxt klubu 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
0