Joze Mourinyodan İkardiyə cavab: "Ona cavab vermək..."
12.02.2025 - 16:18
Joze Mourinyodan İkardiyə cavab: "Ona cavab vermək..."

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqası pley-off mərhələsində doğma meydanda “Anderlext”lə qarşılaşacaqları matç öncəsində bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis ilk matçın mərhələ adlamaq üçün yetərli olmadığını bildirib:

"Mən ilk matçın evdə və ya səfərdə oynamağın üstünlük yaratdığını düşünmürəm. Səfərdə vurulan qol qaydası ləğv edildikdən sonra, biz artıq 180 dəqiqəlik tək oyun oynayırıq. Əsas odur ki, cavab oyunundan sonra növbəti mərhələyə yüksələ bilək. İlk görüşlər də həmişə rahat olmağa çalışıram".

Çalışdırıcı həmçinin komandadakı zədəlilərlə bağlı yazılanlar barəsində fikirlərini bölüşüb:

"İnsanlar danışır, amma nə danışdıqlarını bilmirlər. Zədələrə ümumi bir səbəb göstərə bilməzsiniz. Karlos və Yusuf müdaxilə zamanı yaralandı. Digər futbolçulara isə, yorğunluq, hava şəraiti kimi bir çox amil təsir edir".

Portuqaliyalı mütəxəssis həmçinin “Qalatasaray”ın ulduz forvardı Mauro İkardinin onun haqqında paylaşımına cavab verib:

"25 illik karyeramda qazandığım 26 kubokla xüsusi bir insan olduğumu sübut etmişəm. Ona cavab vermək istəmirəm və susub qəbul edirəm".

Mourinyo Super Liqanın XXIV turunda “Qalatasaray”la oynayacaqları matç üçün əlavə heç nə etməyəcəyini bildirib:

"Sabahkı oyundan daha önəmli bir görüş olduğunu düşünmürəm. Avropa Liqasında çətin 8 matç keçirmişik. Hazırda pley-off mərhələsindəyik. Bütün hədəfimiz mərhələ adlamaqdır".

Qeyd edək ki, “Fənərbaxça” – “Anderlext” matçı fevralın 13-ü, Bakı vaxtilə 21:45-də start götürəcək.

Avropa Liqası