Henninq Berq: “Sabahkı oyunu səbirsizliklə gözləyirik”
06.08.2025 - 19:44
Henninq Berq: “Sabahkı oyunu səbirsizliklə gözləyirik”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Omoniya" matçından öncə qonaqların baş məşqçisi Henninq Berqin mətbuat konfransı keçirilib.

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, uğurlu nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı oyunu yaxşı oynamalıyıq".

- Sizcə, "Araz-Naxçıvan" "Aris"i nəyin hesabına keçə bildi? Yəqin ki, analiz edəndə bu iki görüşə də baxmısız?
- Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, komanda çox yaxşı mübarizə apardı, komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.

- Bundan əvvəlki mərhələdə "Araz-Naxçıvan" favorit olan rəqibi məğlub etdi. İndi də favorit "Omoniya"dır. Bu sizi narahat etmir ki?
- Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı  oyununu oynasın. Araz yaxşı komandadır. Təsadüf deyil ki, 2 yaxşı oyun oynadılar. Onlar "Aris"dən yaxşı idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Favorit haqda danışmağın mənası yoxdur.

- "Omoniya" bir neçə dəfə Azərbaycan komandaları ilə qarşılaşıb. Son dəfə "Zirə" ilə üz-üzə gəlib. Həmin "Omoniya" ilə indiki arasında hansı fərq var?
- İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifatda uğurlu çıxış etdi.

- Sabahkı matçda şansları necə görürsüz?
- Riyaziyyatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi "Araz" "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik.

- Sabahkı matçla bağlı itkiləriniz var?
- Tasos zədəlidir. Fransis Uzgoho viza ala bilməyib. Bu gün gecə gələcək.

- Ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyiniz iddia edilirdi. Niyə alınmadı?
- Bəzən şayiələr olur. Bəzən də maraqlananlar olub.

- Meydançanın ot örtüyünə baxmısız?
- Yox, hələ görməmişəm. Az sonra görəcəyik.