Bakının “Olimpik” klubunun seriyası qırılıb
21.04.2008 - 14:38
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubu 72 gündən sonra qol buraxıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasında son dəfə fevralın 16-da ABN-lə oyunda qol buraxan Əsgər Abdullayevin yetirmələri 6 quru görüşdən sonra qapısında qol görüb. Birinciliyin liderini son dəfə bərdəlilərin hücumçusu Sənan Qurbanov məyus etmişdi. Çempionatın 22-ci turunda “Olimpik”in qapısına yol tapan Boris Qonçarov bakılıların quru seriyasını 620-də dayandırıb. Bununla, “Masallı” özünəməxsus rekorda imza atıb. Belə ki, cənublular hər iki oyunda “Olimpik”ə qol vuran yeganə komandadır. İlk dövrədə Bakıdakı qarşılaşmada fərqlənən Osmar Siqueyra paytaxt təmsilçisinin qapıçısının quru seriyasını 676-da dayandırmışdı. Onda mövsümün rekordunu müəyyənləşdirən Rauf Mehdiyev bu dəfə iki oyunu cəzalı olduğu üçün onun seriyası daha qısa olub – 427 dəqiqə. Qeyd edək ki, Ə.Abdullayevin yetirmələri 25 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına da malikdir.
0
0